XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Noyabr, 2019
Tarixçi alim Məmməd Emin Qazıyev– 105
Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, ADU-nun professoru, Azərbaycan Tarix Muzeyinin keçmiş rəhbəri, tarixçi alim Məmməd Emin Adil oğlu Qazıyevin anadan olmasının 105 illiyi tamam olub. Məmməd Emin Adil oğlu Qazıyev 1914-cü il noyabrın 12-də İrəvan quberniyasının İrəvan şəhərində savadlı zadəgan ailəsində doğulmuşdur. 1933-1934-cü illərdə M.N.Pokrovski adına Moskva Tarix-Arxiv İnstitutunda oxumuşdur. 1939-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra onu Azərbaycan tarixi kafedrasında müəllim vəzifəsində saxlamışlar. 1946-cı ildə ona dosent adı verilir. 1954-ci ilin sentyabr ayında M.Qazıyev Azərbaycan SSR EA Tarixi Muzeyinin müdiri vəzifəsinə təyin olunur. Muzeydə işlədiyi müddətdə, onun rəhbərliyi ilə Azərbycan Tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrləri üzrə ekspozisiya təşkil olunur. Onun səyi nəticəsində Azərbaycan tarixi muzeyi ölkənin ən yaxşı muzeylərindən birinə çevrilir. Azərbaycan Tarixi Muzeyinin taleyi və ümumiyyətlə respublikada ilk Muzey Quruculuğu D.Şərifov, İ.Meşşaninov, Y.Paxomov, İ.Cəfərzadə, M.Salamov, Ə.Ələskərov, S.Qazıyev, V.Leviatov, M.Qazıyev, Yaplovski kimi görkəmli alimlərin adları ilə bağlıdır. Muzeylər üçün zəruri olan ilk materialın toplanması, eksponatların əldə edilməsi, muzey fondlarının formalaşması ilk ekspozisiya və sərgilərin təşkili, muzeydə fəaliyyət göstərə biləcək kadrların yetişdirilməsi sahəsində onların əməyi və xidməti böyükdür. Muzeydə yaşına görə ən "gənc" şöbələrdən biri ilk ekspozisiyası 1958-ci ildə təşkil edilmiş ən yeni tarix şöbəsidir. Uzun illər "Sovet dövrü" şöbəsi adı ilə fəaliyyət göstərən bu şöbənin ilk yaradıcıları o dövrdə Muzeyin direktoru olan tarix elmləri doktoru Məmməd Qazıyev və sonralar həmin vəzifəni tutan, o zaman isə şöbəyə rəhbərlik edən akademik Püstə xanım Əzizbəyova idilər. M.Qazıyevin rəhbərliyi altında muzeydə geniş nəşriyyat işi aparılır. Onun redaktorluğu ilə Azərbaycan tarixinin müxtəlif məsələlərinə həsr olunmuş elmi əsərlər çap olunub. 1958-1961-ci illərdə M.Qazıyevin redaktorluğu altında Azərbaycan, rus və xarici dillərdə muzey üzrə bələdçi kitabları tərtib olunub. Muzeydəki fəaliyyətinə görə M.Qazıyev Azərbaycan SSR Ali Sovetinin ikinci Fəxri fərmanı ilə təltif edilmişdir. Bundan başqa, o, Mədəniyyət nazirliyi, Həmkarlar ittifaqının, SSRİ Müdafiə Nazirliyinin, Teatr cəmiyyətinin və b. müəssisələrin bir sıra Fəxri fərmanları ilə təltif olunmuşdu. 1960-cı ildə M.Qazıyev Tiflis Dövlət Universitetində “Bakı proletariatının inqilabı hərəkatı (1905-1910)” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və 1961-ci ildə ona professor adı verilir. M.Qazıyev elmi fəaliyyət illərində monoqrafiyalar çap etdirir, böyük elmi nəşriyyat işlərində iştirak edir. Belə ki, 1956-cı ildə onun “Bakı proletariatının inqilabi mübarizə tarixindən (1905-1910)” monoqrafiyası çapdan çıxır. M.Qazıyev Azərbaycanda tarix elminin inkişafına böyük töhfə vermişdir. 40 illik elmi-pedaqoji fəaliyyəti ərzində o, 65-dən çox monoqrafiya, kitab, dərs vəsaiti ərsəyə gətirdi, üç yüzdən artıq məqalə yazmış, respublikamızda elmi kadırların yetişdirilməsi sahəsində xeyli səy göstərmişdir. M.Qazıyevin çoxillik elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən mükafatlandırılmışdır: “Qafqazın müdafiəsi uğrunda”, “Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə fərqlənməyə görə” medalları və 2 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir. M.Qazıyev “Bilik” cəmiyyəti Bakı şöbəsinin idarə və rəyasət heyətinin üzvüdür. M.Qazıyev Azərbaycan tarixinin müxtəlif məsələlərinə, Azərbaycan bolşevik təşkilatları tarixinə, partiya və dövlətin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinə dair 300-dən artıq elmi məqalə, kitabça, kitab və monoqrafiyanın müəllifidir. Qazıyev Məmməd Emin Adil oğlu 1982-ci il iyunun 14-də Bakıda vəfat etmişdir. Milli Azərbaycan Tarixi Muzeyinə əməkdar elm xadimi, professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinin direktoru (1954–1961) Məmməd Emin Qazıyevin fotoşəkillər, kitablar, sənədlər, şəxsi əşyalar, təltiflərdən ibarət olan materialları qızı muzeyin elmi işçisi Sevil Qazıyeva tərəfindən təhvil verilmişdir. Həmin eksponatlar, əsasən onun elmi yaradıcılığını, muzeydə, Ümumittifaq “Bilik” Cəmiyyətində apardığı maarifçilik işini, Azərbaycan Dövlət Universiteti və digər tədris müəssisələrindəki pedaqoji fəaliyyətini, həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə vətənpərvərlik ruhunun aşılanması üzrə xidmətlərini əks etdirir.