XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Noyabr, 2019
Muzeydə Qarakənd faciəsinin qurbanına dair sənədlər qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda 20 noyabr 1991-ci il tarixində Qarakənd faciəsinin qurbanlarından olan Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevə məxsus sənədlər mühafizə olunur. Bu sənədlərə Alı Mustafayevin iş yerində fotoşəkli (inv. 2930), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirməsi haqqında diplomu (inv. 2932), onun 20 yanvar faciəsinə həsr etdiyi “İntibah harayı”(rekviyem) əsəri (inv. 2935) və s. daxildir. Muzeydə qorunan bu sənədlər yaxın tariximizin tədqiqi baxımından əhəmiyyətlidir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 28 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdur. Həlak olanlar arasında Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq Daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan Daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur. Allah rəhmət eləsin!