XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Noyabr, 2019
Muzeydə XIX əsrə aid qoruyucu amulet qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrə aid edilən qoruyucu amulet (inv. №1482) saxlanılır. Şamaxı İmamzadəsinə məxsus olub Basqaldan alınmış, 1933-cü ildə muzeyə qəbul edilmişdir. Ürək formasında gümüşdən kəsilib, döymə üsulu ilə kənarları eşmə, lehimləmə yolu ilə hazırlanmışdır. Amuletlər əsasən, zahı qadın və uşaqları bədnəzərdən, xəstəliklərdən qorumaq məqsədilə islamaqədərki dövrdə yaranmışdır. İslam dini meydana gəldikdən sonra da məişətimizdən silinməmiş, üzərinə qoruyucu məzmun daşıyan Quran ayələri, müqəddəslərin adları və dini kəlamlar əlavə olunaraq, xalqın inanc sistemində özünə yer tutmuşdur. Ürək formasında kəsilmiş amulet üzərində gözüyaşlı insan təsviri, alın və yanaq hissələrində qabarıq nöqtələr və üzün ətrafında ərəb dilində “And olsun ki, Allahdan başqa Həq yoxdur. Allahdan başqa qorxulacaq yoxdur. Allahın dilədiyi olur” sözləri yazılmışdır.