XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Dekabr, 2019
Muzeydə Əhməd bəy Ağaoğluya aid sənədlər qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna görkəmli Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlu (1869-1939) və ailəsi haqqında məlumatları əks etdirən sənədlər (inv. № 4714, 4715, 4716) daxil olub. Bunlar Türkiyə Cümhuriyyətində çap olunmuş iki ensiklopedik nəşrin və bir qəzetin ayrı-ayrı səhifələrinin surətləridir. Bir ensiklopedik məlumatda sırf Əhməd bəy Ağaoğludan bəhs edilir, oğlu Səməd Ağaoğlunun arxivi əsasında tərtib edilən digər yazılarda Ə.Ağaoğlunun, Səməd bəyin özü və oğlu Tektaşın fəaliyyəti barədə bilgi əldə etmək olar. Qəzetdə isə 1989-cu ildə vəfat etmiş Türkiyənin ilk qadın vəkili, Ə.Ağaoğlunun qızı Sürəyyə xanımın nekroloqu dərc edilmişdir. Bu nəşrlərdə yer almış bəzi tarixlərə əsasən, (məsələn, Səməd Ağaoğlunun 1975-ci ilə aid fotoşəkili, habelə qəzetin digər yazılarında rast gəlinən il göstəriciləri), həmin materialların ötən əsrin 70-80-ci illərdə işıq üzü gördüyü təxmin edilir. Təqdim edilən sənədləri Əhməd bəy Ağaoğlunun qohumu Nigar Vəli qızı Axundovadan toplayan Muzeyin elmi işçisi Sevil Qazıyeva onları Fonda təhvil vermişdir.