XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Dekabr, 2019
Muzeydəki İrəvan sikkələri
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Azərbaycanın pul təsərrüfatının öyrənilməsində əhəmiyyət kəsb edən materiallar sırasında İrəvan xanlığının mis felsləri (qazbəyilər) saxlanılır. Belə sikkələrin üz tərəfində zərbxana və rəqəmlərlə zərb tarixi (monqol-türk təqviminə görə - 12 illik heyvan silsiləsinin illərinə müvafiq olaraq) qeyd edilmiş, əks tərəfində isə müxtəlif heyvanların (at, dovşan, quş, balıq və s.) təsviri həkk edilmişdir. Anonim zərb edilən belə mis felslər daxili ticari ehtiyacları ödəmək üçün istifadə edilmişdir. Tədqiqatlara əsasən, İrəvan xanlığında 2, 5, 10 və 14 q çəkiyə malik 4 nominalda mis qazbəyilərin zərbi XIX əsrin I rübünədək davam etmişdir. Önəmli coğrafi mövqedə yerləşən (Cənubi Qafqaz və Osmanlı Kiçik Asiyasının qovşağında) İrəvan zərbxanasında numizmatik faktlara əsasən, Kərim xan Zənd (1753 - 1779) dövrünə aid 2,7 q çəkili qızıl sikkələr zərb edilmişdir. Bu zərbxanada gümüş sikkələrin zərbini təsdiq edən tapıntılar məlum deyildir.