XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Dekabr, 2019
Muzeydə Heydər Əliyevə məxsus nadir sənədlər mühafizə edilir
Ulu öndər Heydər Əliyevə məxsus bəzi sənədlər Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sənədlər hal-hazırda muzeyin Sənədli mənbələr fondunda saxlanılır. Bunlar 2 iyul 1940-cı il tarixinə aid olub, onun tərcümeyi-halı (İnv.№ 1685), muzeyin direktoruna yazdığı ərizə (İnv. № 1684) və kadrların uçot vərəqəsidir (İnv. № 1686). Lakin Heydər Əliyev muzeyə müraciət edən zaman, muzeyin işçiyə ehtiyacı olmadığı üçün onun ərizəsinin üzərinə "rezerv" yazılmışdı. Bu sənədlər milli-mədəni, tarixi dəyərlərə, muzey işinə marağın, Heydər Əliyevdə hələ onun tələbəlik illərindən yarandığını sübut edir. Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsi idi. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir. Bu ənənə hal-hazırda onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.