XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Dekabr, 2019
Muzeydə “İmadəddin Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “İmadəddin Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən bu tədbir təşkil olunub. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən keçirilən tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, Azərbaycan Respublikası Təhsil İnistitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov, həmin şöbənin böyük elmi işçisi, musiqişünas, musiqi terapevti Bahar Bəylərova-Ələkbərova, KİV nümayəndələri, məktəblilər iştirak ediblər. Filoloq Sayman Aruz “Nəsimi”; psixoloq Elxan Bəylərov “Azad ruhun psixologiyası”; musiqişünas Bahar Bəylərova-Ələkbərova “....MƏN....” adlı məruzələrlə çıxış ediblər. Tədbirdə Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin şagirdləri “Dinin dirəyi Şeyx Nəsiminin simasında elmimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı Azərbaycan Respublikasının xalq artisti Munis Şərifovun rəhbərliyi ilə bədii hissə təqdim ediblər. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin milli-mənəvi irsinə dair eksponatlardan ibarət kiçik guşə və Azərbaycan Milli Kitabxanasının Nəsimi irsini əks etdirən kitablarından ibarət sərgi təşkil olunmuşdur. Sayman Aruz yeni çıxmış “Nəsimi” kitabını (Bakı, 2019) muzeyə hədiyyə edib. Tədbir boyu Nəsimi yaradıcılığı ilə bağlı foto-slaydlar nümayiş edilib.