XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Oktyabr, 2012
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı ABŞ-ın Kornell Universitetinin təşkilatçılığı ilə keçirilən IV Avrasiya Arxeologiya Konfransında iştirak etdi

11-15 oktyabr 2012-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin «Elmi-maarif və sərgilərin təşkili» şöbəsinin elmi işçisi Səidə Həmzəbəyova Amerika Birləşmiş Ştatlarının Kornell Universitetinin dəvəti ilə Nyu-York ştatının İtaka şəhərində keçirilmiş «Fasiləli tarix və itaətsiz ictimaiyyət. Müvəqqəti səciyyəli cəmiyyətin öncəki düşüncəsinə baxış» adlı IV Avrasiya Arxeologiya Konfransında iştirak etmişdir.Kornell Universiteti nəzdindəki bir sıra təşkilatlar - Sənət və Elm Kolleci, Klassik Departament, Yaxın Şərq Studiyası, Antropologiya Departamenti, Cənubi Qafqaz üzrə Amerika Araşdırmalar İnstitutunun sponsorluğu və dəstəyi ilə Kornell Universitetinin Stetler Otelində baş tutan konfransda «Mobil Avropa həyatındakı


dəyişikliklər, aramsızlıq və ritmlər», «Nəşrlər, siyasət, imperiyalar», «Müqayisəli siyasət», «Miqyas və dəyişikliklər», «İrs və tarixşünaslıq», «Texnologiya və materializm», «Yeni mənzərələr və məkanlar», «Mobil yerdəyişmələr» mövzusunda müzakirələrdə çıxış edən tanınmış Avropa və Asiya alimləri müasir dövrdə ümumdünya arxeologiya elmindəki nailiyyətlər, problemlər və perspektivlər haqqında düşüncələri ilə paylaşmışlar.

 

Elmi işçi Səidə Həmzəbəyovanın «Milli Azərbaycan Tarixi Muzeyinin sualtı arxeoloji tədqiqatları» adlı məruzəsində keçən əsrdə sualtı Azərbaycan arxeologiya elmində əldə edilmiş qənaətlər şərh edilmiş, Azərbaycan arxeologiyasının müxtəlif məsələlərindən, gələcək planlarından bəhs edilmişdir. Azərbaycan ərazisində aparılan sualtı və digər arxeoloji ekspedisiyalarda aşkarlanmış, respublikamızın muzeylərində qorunan maddi-mədəniyyət nümunələrindən ibarət elektron slayd dinləyicilərin marağına səbəb olmuş, gələcək əməkdaşlıqla əlaqədar təkliflər irəli sürülmüşdür.

Geniş elmi tanışlığa səbəb olan konfransın sonunda yekun nəticələrin əks edildiyi qətnamə qəbul edilmişdir. Mədəni proqram çərçivəsində iştirakçılar XIX əsr abidəsi olan Kornell Universiteti barədə tarixi məlumatlar əldə etmişlər.