XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Yanvar, 2020
Muzeydə Şəki xanlığına aid dəfinə qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Şəki xanlığında sikkə zərbi və pul dövriyyəsi barədə məlumat verən faktiki material – 321 ədəd sikkədən ibarət dəfinə qorunur (NF 55444 - 55865). 2011-ci ildə muzeyə təhvil verilən bu dəfinənin numizmatik təyinatı nəticəsində hicri 1213 =1798, 1214 = 1799, 1222 – 1227 = 1807 - 1812-ci illərdə Şəki zərbxanasında zərb edilmiş gümüş abbasılardan ibarət olduğu müəyyənləşdirilmişdir. Müxtəlif tipli belə sikkələrin üstünə “Ya Kərim”, “Ya Sahib əz-Zaman” ifadələri, arxasına hicri təqviminə əsaslanan zərb ili və zərb yeri (Şəki və ya Nuxa), bəzi hallarda isə tac təsviri həkk edilmişdir. Orta çəkisi 2,3 qram olan, xan adı olmayan belə sikkələrin zərbində zərif naxışlı möhürlərdən istifadə edilmişdir. Bu sikkələr Azərbaycanın xanlıqlar dövrü dövlətçilik tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.