XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Yanvar, 2020
Muzeydə “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbiri açıb, Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərancamını iştirakçıların diqqətinə çatdırdı. Son illərdə respublikamızda qazanılan nailiyyətlər, gənclərin müxtəlif sahələrdə olan uğurlarından bəhs etdi. Tədbirdə çıxış edən - muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “2020-ci il – könüllülər ilidir”, Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanda gənclər siyasətinə tarixi baxış” mövzularında məruzə etdilər. Ə.Fərhadov öz çıxışında bu gün anadan olmasının 136-cı ildönümü qeyd olunan M.Ə.Rəsulzadənin gəncliyə baxışı və vəsiyyəti, o cümlədən günümüzdə dövlətin gənclərə qayğısından bəhs etdi. Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Vətən tariximizin təbliğində numizmatik materialların əhəmiyyəti”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “Azərbaycan gəncliyi, bu günümüz, sabahımız”, Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov "Hərbi vətənpərvərliyin təbliğində könüllülüyün əhəmiyyəti", muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qafarlı “Azərbaycan gəncliyinin həyatında Leyla Əliyeva fenomeni”, muzeyin əməkdaşı Gülnar Fərhadova “Azərbaycan Gənclər Fondunun gənclərə dəstəyinə baxış” adlı məruzələrini təqdim etdilər. Gülnar Fərhadova Gənclər Fondunun dəstəyi ilə t.ü.f.d. Ə.Fərhadovla birgə Neftçalada və Biləsuvarda icra etdiyi “Milli qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq” və “Nəsimi irsinin Azərbaycan multikulturaizmində rolu” layihələri haqqında çıxış etdi. Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Azər Şükürov və İqtisad Universitetinin III kurs tələbəsi Vüqar Babaşlı könüllülük sahəsində göstərdikləri fəaliyyət, gənclərin dövlət siyasətində olan önəmi barədə danışdılar. Sonda bədii hissə təqdim olundu. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri - Selcan Qarayeva “Azərbaycana gəlsin!” şeirini (söz: Süleyman Rüstəm), Sərdar Dəmirov “Azərbaycanı sevin” şeirini (söz: Cabir Novruz) və “Bakılıyam mən” nəğməsini (bəstə: Tofiq Quliyev) ifa etdilər.