XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Noyabr, 2012
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Bayrağı günü və YAP-ın 20-ci ildönümü münasibətilə tədbir keçirildi

6 noyabr 2012-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının və “Elmi-maarif və sərgilərin təşkili” şöbəsi əməkdaşlarının təşəbbüsü ilə Dövlət Bayrağı günü və Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirakçıları salamlayaraq Dövlət bayrağı günü və YAP-nın yaranması tarixindən bəhs etdi. O, Azərbaycan dövlət bayrağının yaranması tarixinə diqqət çəkərək ən qədim dövrlər-dən etibarən onun ən vacib dövlətçilik simvolu olduğunu qeyd etdi. 1918-ci ildə Şərqdə ilk demokratik Respublikanın yaradılması nəticəsində onun ilk müstəqil bayrağının təsis edil-


diyini söyləyən N.Vəlixanlı, sonrakı dönəmdə meydana çıxan Sovet ideologiyasının təsiri ilə xalqımızın üçrəngli bayrağa həsrət qalmağa məcbur olduğunu vurğuladı. Xalqımızın rəşadəti və dövlətimizin düzgün siyasəti nəticəsində müstəqilliyin əldə edildiyini, dövlət bayrağının yenidən qəbul edildiyini diqqətə çatdıran akademik, onun qorumağı və uca tutmağı tövsiyyə etdi.

 

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma və təşəkkül tarixindən bəhs edən akademik, bu partiyanın ölkənin ictimai-siyasi həyatında vacib mövqe tutduğunu, ən böyük təşkilat olan bu partiyanın sıralarının gündən-günə genişlənərək qabaqcıl siyasət yürütdüyünü, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin fərman və sərəncamları sayəsində tariximizə, mədəni irsimə diqqət və qayğının artdığını bildirdi. 

Hər bir xalq üçün dövlətçilik atributlarının əziz olduğunu bildirən akademik N.Vəlixanlının çıxışından sonra «Azərbaycan» himni səsləndi.

Çıxışına davam edən akademik N.Vəlixanlı iştirakçıları tədbir münasibətilə tərtib edilən elektron prezentasiyaya tamaşa etməyə dəvət etdi. “Elmi-maarif və sərgilərin təşkili” şöbəsinin əməkdaşları E.Dadaşov və E.Musayevin tərtib etdikləri Milli Azərbaycan Tarixi Muzeyində qorunan maddi-mədəniyyət tapıntıları və Azərbaycan xanlıqları bayraqlarının əks edildiyi, tarixi məlumatlarla zəngin olan slaydlar tamaşaçılarda maraq yaratdı.

Daha sonra çıxış edən muzeyin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova Azərbaycanın dövlət bayrağının yaranması və təşəkkülü tarixi barədə ətraflı məlumat verdi, onun Şərq xalqlarına məxsus səciyyəvi xüsusiyyətlərindən, funksiyasından bəhs etdi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyinin ekspozisiya şöbəsinin rəisi Lalə Hüseynova «Ordunu qüdrətli edən onun bayrağıdır» adlı çıxışında Azərbaycan bayrağının hərb tariximizdəki rolundan danışdı və onun müasir dövrümüzdəki müxtəlif hərbi təlimlərdə tətbiqindən söhbət açdı.

YAP-nın 20 illiyi ilə əlaqədar tərtib edilmiş elektron prezentasiyanın müşayiəti ilə çıxış edən Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev və həmin universitetin “Azərbaycan dili və ədəbiyyatının tarixi” kafedrasının müdiri, professor Himalay Qasımov hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirən, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olan, insan hüquq və azadlıqlarının təmin edən, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparan YAP-ın rolundan, ümummilli lider Heydər Əliyev və onun davamçısı, cənab İlham Əliyevin uğurlu fəaliyyətindən ətraflı bəhs edərək, gələcəkdə belə tədbirlərin işğal altında olan torpaqlarımızda keçirilməsi arzularını bildirdilər.

Tədbirin bədii hissəsində çıxış edən Nəsimi rayonundakı 42 saylı orta məktəb şagirdi Rauf Əliyevin söylədiyi «Al bayrağa» şe’ri, Azərbaycan Milli Konservatoriyasının «İnstrumental muğam» kafedrasının baş müəllimi Elçin Nağıyevin (tar), tələbə Şəhriyar Musayevin (kamança) müşayiəti ilə konservatoriyanın tələbələri Ariz Hüseynov və Zümrüd Məmmədovanın ifa etdiyi xalq mahnıları və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi Orkestrinin solisti Cəlal Kərimovun ifa etdiyi «Azərbaycan» mahnısı tamaşaçıların alqışlarına səbəb oldu.