XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Fevral, 2020
Muzeydə ərəblərin Azərbaycanı işğalını əks etdirən tablo qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri Materiallar fondunda Azərbaycanın müsəlman ərəb ordusu tərəfindən işğalını göstərən müqavilənin kufi yazısı ilə əks olunduğu tablo (İnv 531) qorunur. 643-cü ildə Sasanilərin Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla xəlifə Ömər ibn əl-Xəttabın sərkərdəsi Utba ibn Farkad arasında bağlanan müqaviləyə-"əmannaməyə" görə yerli əhaliyə müəyyən şərtlərlə aman verilməsi, cizyə vergisi müqabilində “əhli-kitab” adlandırılan xristian və yəhudilərin, eləcə də zərdüştilərin ibadət və ayin sərbəstliyinə məhdudiyyət qoyulmaması qərara alınmışdı. Həmçinin uşaq və qadınların, xroniki xəstələrin və zahidlərin can vergisindən azad edilməsi və s. nəzərdə tutulmuşdu. Bu müqaviləyə baxmayaraq işğalçıların yerli əhalinin hüquqlarına riayət etməməsi daha sonralar müxtəlif üsyanlara səbəb oldu.