XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Mart, 2020
“Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək
21 oktyabr 2020-ci ildə Bakıda, Milli Azərbaycan Tarixi Muzeyində “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Bu münasibətlə Sizi konfransa dəvət edir və yubiley mərasimlərini bizimlə bölüşməyinizi arzu edirik. Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində sərgilərin və yeni ekspozisiyanın açılışı da planlaşdırılır. Konfransda iştirak etmək üçün tezislər və anket (https://bit.ly/39j7GWv) 19 iyun 2020-ci il tarixinədək museum100@azhistorymuseum.gov.az və azhistorymuseum100@gmail.com e-poçt ünvanlarına göndərilməlidir. Konfransın mövzuları: Klassiklikdən interaktivliyə: Muzeylərin “gizli” həyatı − Klassik muzeylərdə yüksək texnologiyaların tətbiqi: Dünya muzeylərinin təcrübəsi; − Muzey ekspozisiyası 2020-2030-cu illərdə. Tendensiyalar və perspektivlər; − Gələcəyin sərgiləri: VR (Virtual Reallıq) və AR (Artırılmış Reallıq) texnologiyalarının geniş tətbiqi uğura zəmanətdirmi. Klassiklikdən interaktivliyə: Kəmiyyət və keyfiyyət − Muzeydə təşkil olunmuş elmi-kütləvi tədbirlərdə iştirak mədəniyyəti dünən və bu gün; − Əlçatan muzey – fiziki qüsurlu şəxslərin Muzey mühitinə inteqrasiyası. Muzey inkluziv məkan kimi; − Muzey, istirahət məkanı kimi. Klassiklikdən interaktivliyə: Məqsədli kapital − Passiv müşahidədən aktiv iştiraka, uşaqlar və gənclər üçün interaktiv proqramlar; − Əyləncə ilə təlim: mif ya reallıq. Klassiklikdən interaktivliyə: Muzey menecmenti − Muzeyə əlavə gəlir mənbələrini cəlbetmə yolları; − Muzeydə müasir tendensiyalar – onlayn layihələr, sosial şəbəkələrlə iş; − Müasir PR menecerin vasitə və metodları; − Muzeyin mağazası – muzeyin inkişaf strategiyasının bir hissəsi kimi. Tezislərin tərtibatına dair tələblər: − Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir. − Tezislər azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər. − Mətnin həcmi (A4) – 1-1,5 səhifəyədək. − Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5. Məruzələrin tərtibatına dair tələblər: − Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir. − Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir. − Məruzələr azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər. − Mətnin həcmi – 10 səhifəyədək. − Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5. − İsnadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.