XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Mart, 2020
Muzeydə Bakı Qadın Müəllimləri Seminariyasının fotoşəklinin surəti qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda Bakıdakı Qadın Müəllimləri Seminariyasının 1920-ci ilə aid fotoşəkli saxlanılır (İnv. №555). Şəkildə Seminariyanın Elmi Şurasının üzvləri əks olunub. Fotoşəkil Azərbaycanda qadın təhsilinin tarixini tədqiq etmək baxımından əhəmiyyətlidir. Qeyd edək ki, bu seminariya (Darülmüəllimat) 1920-ci ildə Bakıda yaradılmışdı. Seminariyada o dövrün qabaqcıl pedaqoqlarından Mədinə xanım Qiyasbəyli, Gövhər xanım Qayıbova, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Azad bəy Əmirov, Atababa Musaxanlı, Məmməd Abdullayev, Səlimə Yaqubova, Şəfiqə Əfəndizadə, Xədicə Ağayeva, Sara Xuramoviç, Zəhra Şahtaxtinskaya, Sara Talışinskaya, Reyhan Topçubaşova, Nəimə Qazıyeva və başqaları pedaqoji və ictimai iş aparırdılar. Bu nümunəvi pedaqoji məktəbdə 120 qızın öz ana dilində təhsil alması Azərbaycan qadınının həyatında böyük mədəni inqilab idi. Qısa bir vaxtda məktəbin şöhrəti bütün Cənubi Qafqaza, Dağıstana, Orta Asiyaya yayılmışdı.