XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2020
“Elm - Наука” qəzetinin növbəti nömrəsində Muzey haqqında məlumat verilib
“Elm - Наука” qəzetinin 27 fevral 2020-ci il, 4 (1239)-cu sayında "Muzeyin kolleksiyasına aid kitabçalar işıq üzü görüb" adlı məqalədə Milli Azərbaycan Tarixi Muzeyində (MATM) nəşr olunmuş kitabçalar haqqında məlumat verilib (s.9). Qeyd olunub ki, Muzeyin 100 illik yubileyi münasibətilə MATM-nin arxeoloji kolleksiyasının bəzi nümunələrinə həsr olunmuş iki kitabça nəşr olunub. Bunlardan birincisi - Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin müəllifi olduğu “Xəzər Atlantidası yadigarları” (Bakı: “Elm və təhsil” nəşr., 2020) adlı kitabçadır. 1968-1987-ci illərdə muzeyin nəzdində fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyasının tapıntılarına həsr olunub. İkinci kitabça - “Sehrli çıraq” (Bakı: “Elm və təhsil” nəşr., 2020) adlanır. Arxeologiya fondunun müdiri, t.ü.f.d. Aida İsmayılovanın müəllifliyi ilə ərsəyə gəlib və muzeyin çıraq kolleksiyasına həsr olunub. Hər iki kitabçanın elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Həmçinin qəzetin bu nömrəsində 20 fevral 2020-ci il tarixində Muzeydə keçirilmiş Xocalı tədbiri haqqında da Cavid Cəmiloğlunun “Главный урок» (“Əsas dərs”) başlıqlı məqaləsi nəşr olunub (s.15). Qeyd olunub ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi bu tədbirin müəssisələr arası əlaqə çərçivəsində həyata keçirildiyini qeyd edib. Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı öz çıxışında bildirib ki, tədbirin əsas məqsədi Xocalı faciəsini məktəblilərin dilindən eşitmək, onların gözü ilə görmək, qocalı, cavanlı bizi səsləyən Xocalıya ruhən getmək, bitməyən yaralarımıza şagirdlərin əlləri ilə məlhəm çəkməkdir. Məqalədə tədbir geniş işıqlandırılıb və bildirilib ki, tarixdə heç bir faciə unudulmamalıdır.