XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2020
Muzeyin arxeoloji kolleksiyası Naxçıvan tapıntıları ilə zənginləşib
Milli Azərbaycan Tarixi Muzeyi 2020-ci ildə 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yubileyə hazırlıq işlərinə başlanılmışdır. Hazırlıq işlərinə Muzey ekspozisiyasının yenilənməsi və fondların yeni materillarla zənginləşdirilməsi də daxildir. Bu məqsədlə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova müraciətindən sonra maddi mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıların daimi mühafizə üçün Muzeyə verilməsi qərara alınmışdır. Bu günlərdə həmin tapıntılar muzeyin Arxeologiya fonduna təhvil verilmişdir. Təhvil verilmiş arxeoloji materiallar saxsı qablardan və onların fraqmentlərindən ibarət olub, Naxçıvan Muxtar Respublikasının I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılıb. Onların arasında bir ədəd mixi yazılı qab fraqmenti də var. Tapıntıların dövrü e.ə. VI-I minilliklərə aiddir. Haqqında bəhs edilən bu tapıntılar bölgənin, ümumilikdə isə Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.