XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyun, 2020
Muzeydə xəlvətiyyə təriqətinə aid əmmamə qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda xəlvətilik təriqətinin sivasi qoluna məxsus əmmamə (XVIII əsr) saxlanılır. Azərbaycanın təsəvvüf tarixini öyrənən türkiyəli tədqiqatçı, prof. M.Rıhtım tərəfindən Milli Azərbaycan Tarixi Müzeyinə hədiyyə edilmiş bu əmmamə İstanbulda Eyüb Sultan adlanan ərazidən əldə edilmişdir. Qeyd edək ki, XIV-XV əsrlərdə Azərbaycanda yarandığı ehtimal edilən xəlvətilik təriqəti sufi cərəyanlarından biri hesab olunur. Xəlvəti şeyxlərindən Dədə Ömər Rüşəni (öl. 1486) və onun qardaşı Mövlanə Əlaəddin Ağqoyunlu hökmdarlarının yanında yüksək hörmət sahibi idilər. Lakin Səfəvilər tərəfindən rəğbətlə qarşılanmayan xəlvətilər Osmanlı ərazilərinə köçməyə məcbur oldular. Odur ki, bu təriqətin əsas yüksəlişi də məhz bu ərazilərdə baş vermişdir. Sufi cərəyanların hər birinin özlərinə məxsus rəmzləri olmuşdur ki, bu, adətən onların təriqət papaqlarında da öz əksini tapırdı. Xəlvətiyyə təriqətinin simvolu da dörd bölümlü, 40 zolaqdan ibarət olan əmmamədə əks olunurdu. Tədqiqatçılar qeyd edir ki, bu papaqlardakı dörd bölüm - Qurani-Kərimin "İxlas" surəsinin dörd ayəsinə işarədir. Rəvayətə görə təriqətin ilk qurucusu olan şamaxılı Pir Ömər şeyx olan zaman yuxusunda Məhəmməd peyğəmbərin onun başına papaq qoyduğunu görmüş və xəlvəti əmmaməsi buna bağlı olaraq meydana gəlmişdir. Xəlvətilik inancına görə" İxlas" surəsinin ayələri Allah-Təalanın tək və bənzərsizliyini, yəni, islamın tövhid əqidəsini ifadə etdiyi üçün qırx rəqəminin təsəvvüfdə bir çox mənaları vardır. Sufi dərəcələrinin qırx olması və xəlvətdə qırx gün qalmaqla dərvişin könlünə ilham nurunun axmağa başlaması və s.mistik inanclar bununla əlaqələndirilir.