XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyun, 2020
Muzeydə görkəmli publisist H.Zərdabiyə məxsus materiallar saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizin milli mədəniyyətinin tərəqqisində əvəzsiz rol oynamış maarifçi, ictimai xadim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə aid bir neçə tarixi sənəd qorunur. Burada ilk növbədə onun redaktoru olduğu “Əkinçi” qəzetinin 13 may 1876-cı ildə çapdan çıxmış 9-cu sayı (inv. №328/1), həmin nəşrin 1877-cü ildə işıq üzü görmüş 1-20-ci nömrələrinin surətləri (inv. №294/1) qeyd edilməlidir. Redaksiyada çalışmış M.Əlizadənin qəzetin redaktoruna 1877-1878-ci illərdə yazdığı məktublarının surətləri də (inv. №294/2-5) maraqlıdır. Məlikovların ailə arxivindən götürülmüş, Həsən bəyin özü (inv. №378/1-2), qadın maarifçiliyi sahəsində usanmadan fəaliyyət göstərmiş həyat yoldaşı Hənifə xanım (inv. №378/3-5) və uzun illər müəllimlik etmiş qızları Qəribsoltan Məlikovanın (inv. №378/18, 19) XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan fotoşəkilləri də diqqəti çəkir. Bu materiallar Azərbaycanın mətbuat tarixinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.