XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyun, 2020
Muzeyin gümüş sikkələri - Ərşaki drahmaları
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Azərbaycan Respublikasının Xınıslı (Şamaxı) və Əli Bayramlı (Şirvan) yaşayış məskənlərində aşkarlanan, eramızdan əvvəl II əsrin sonundan Azərbaycanın pul dövriyyəsində istifadə edilən Ərşaki (e.ə. 247 – 224) gümüş drahmaları qorunur. Belə sikkələr iki qrup üzrə təsnifatdırılır - IV Fraat (e.ə. 35 - 2) dövrünə qədər zərb edilənlər; III Artaban (e. 10 - 38) və ardıcılları dövründə zərb edilənlər. Azərbaycan ərazisində II Mitridat (e.ə. 124 - 88) dövrünə aid drahmalara daha çox təsadüf edilməsi bu sikkələrin yerli zərbxanalarda istehsal edildiyini söyləməyə əsas verir (şəkil 1). Arxa tərəfinə yunan hərfləri ilə “AT” monoqramının həkk edildiyi Ərşaki gümüş drahmalarının Atropatenanın əsas şəhəri olan Ekbatan (Həmədan) zərbxanasında istehsal edildiyi və Cənubi Qafqazın pul dövriyyəsində istifadə edildiyi numizmatik qənaətlərlə təsdiqlənir (şəkil 2). Uyğun dövrün gümüş drahmalarının tipoloji cəhətlərinə diqqət edək: Aversin (üst tərəfin) mərkəzi hissəsinə sola istiqamətlənmiş hökmdar büstü; reversin (arxa tərəfin) mərkəzi hissəsinə əyləşmiş vəziyyətdə, sağa istiqamətlənmiş, sağ əlində dartılmış yay (hakimiyyət rəmzi) olan insan təsviri (Ərşak nəzərdə tutulur), ətrafına yunanca - hökmdarın titulları (“çarlar çarı”, “yunanların dostu” və b.) , bir sıra hallarda zərbxananı bildirmək məqsədilə monoqram həkk edilmişdir. Muzeydə saxlanılan bu sikkələr uyğun dövrün numizmatika tarixini tədqiq baxımından böyük əhəmiyyət daşıyır.