XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 İyun, 2020
Bu gün görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür
Mikayıl İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Əslən Xızıdandır. Rus-tatar məktəbində, Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə pedaqoq kimi başlamış, Azərnəşrdə redaktor olmuşdur. Bakı şəhəri orta məktəblərində yeddi il müəllimlik etmiş, son iş yeri indi onun adını daşıyan 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Küləklər” (1930), “Günün səsləri” (1930), “Buruqlar arasında” (1932), “Vuruşmalar” (1932), “Pambıq” (1932), “Qaya” (1935), “Şəngül, Şüngül, Məngül” (1934), “Kəndli və ilan” ( 1935) adlı kitabları şairin sağlığında çap olunmuşdur. O, bədii tərcümə ilə də ciddi məşğul olmuş, erməni şairi Yegişe Çarentsin “Şeirlər” (1934), Taras Şevçenkonun “Kobzar” (1934), A.S.Puşkinin “Qaraçılar” (1930), S.Marşakın “Huşsuza bax, huşsuza” (1935) əsərlərini tərcümə etmişdir. Dilbər Axundzadə ilə evli olmuşdur. Repressiya dövründə müsavatçılıqda təqsirləndirilən şair 1938-ci ildə güllələnmişdir. 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Müşfiqə ölümündən sonra bəraət verilmişdir. Şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda Süleyman Rəhimov küçəsində, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulmuş, büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmiş, Xızıda ev-muzeyi yaradılmışdır. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar”, “Küləklər”, “Duyğu yarpaqları”, “Həyat sevgisi” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür.