XƏBƏRLƏR
12 İyun, 2020
Muzeydə H. Z. Tağıyevin Qızlar məktəbinin açılışını əks etdirən fotoşəkil qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda H. Z. Tağıyevin Qızlar məktəbinin açılışını əks etdirən fotoşəkil qorunur (İnv. 393/1). H. Z. Tağıyevin qızlar məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış bir məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. Bu təşəbbüsə başlayan Hacı, Rusiya bürokratiyasının süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir.
Əvvəlcə Tağıyevin qızlar məktəbinin yerində Cümə məscidi tikilməli imiş, amma müəyyən səbəblər üzündən bu baş vermir. Beləliklə, məscidin yeri 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilir.
Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci həyat yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər. 1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa, Hacı!". Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Azərbaycan dili və din dərsləri də keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunmuşdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı, yaraşıqlı uniforma geyinirdilər. Bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Cümhuriyyəti hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası ümumi müəllimlər seminariyasına çevrildi. Valideynlər artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və s.
O zaman belə bir məktəb nəinki Rusiyada, Bakıda, hətta İslam aləmində yox idi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...