XƏBƏRLƏR
17 İyun, 2020
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını və Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Həmin gün öz mənbəyini Azərbaycan Cümhuriyyətindən götürür. 17 iyun 1918-ci il tarixində hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın bir sıra görkəmli həkimlərinə məxsus eksponatlar qorunur və təbliğ edilir. Məsələn, “İrs-Наследие” beynəlxalq jurnalında Muzeyin əməkdaşı, t.ü.f.d. Məmməd Məmmədovun “İlk azərbaycanlı hərbi həkimləri” adlı rus dilində məqaləsi dərc olunmuşdur (“İrs-Heritage”, 1(67), 2014, s.38-43). Məqalədə verilən tarixi materiallardan aydın olur ki, artıq birinci dünya müharibəsi ərəfəsində müvafiq ali məktəbləri bitirmiş ilk azərbaycanlı hərbi həkimləri rus ordusunda qulluq edirdilər. Bunlardan Mustafa Mahmud oğlu Hacıqasımov, Əli Muxtar Əliyev, Əli bəy Əlibəyov, Firuz Ordubadlı, Əli Heydər Allahverdiyev müharibənin Qərb və Cənub-Qərb cəbhələrində xidmət etmiş, sanitar qatarları, hərbi hospital rəisləri və baş həkimləri vəzifələrinədək yüksəlmiş, yüzlərlə yaralıya kömək göstərmişlər. Məqalədə hərbi həkimlərin təhsil illəri, hərbi xidmətləri, sonrakı taleləri haqqında da maraqlı məlumatlar verilmişdir. Məqalədə təqdim olunan foto materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunur.
Muzeyin əməkdaşı Ramiyə İsmayılovanın da görkəmli cərrah, akademik Mustafa Topçubaşov haqqında «Главная награда» ( «Elm - Наука», № 06, 13 мая 2020 г., с.16), « Мустафа Топчубашев: о выдающемся враче, вошедшем в историю азербайджанской медицины» adlı məqalələri də nəşr olunmuşdur (https://1news.az/…/za-chto-mustafa-topchubashev-v-1943-godu…). Məqalədə M.Topçubaşovun muzeydə qorunan eksponatları haqqında da məlumat verilmişdir.
Sənədli Mənbələr fondunda həkim Əbülfət (Ağaxan) Talışinskinin 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunması haqqında şəhadətnaməsi də saxlanılır. Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Əbülfət (Ağaxan) Talışinski (1885-1949) 1915-ci ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, I Dünya Müharibəsi zamanı hərbi həkim kimi fəaliyyət göstərmişdir. O, 1917-ci ildən Bakıda, Qara şəhər xəstəxanasında həkim işləmiş, 1920-ci ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Sənədli mənbələr fondunda tibb elmləri doktoru, professor İsmayıl Axundova məxsus fotoşəkillər və sənədlər də mühafizə olunur. Axundov İsmayıl Əbdülxalıq oğlu (25.1.1897, Şamaxı - 1952, Bakı) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Münxen Universitetinə göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında Axundovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.
Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. Təhsilini başa vurduqda müəllimi, məşhur epidemioloq Martini İsmayıl Axundovu rəhbərlik etdiyi Hamburq Tropikologiya İnstitutuna dəvət etmişdir. Onun rəhbərliyi altında təcrübə keçən doktorant İsmayıl Axundov tədqiqatlarını dərinləşdirərək, dissertasiya yazmış, Afrikada uzunmüddətli ezamiyyətdə olmuşdur. Hamburqa dönərkən Axundovun verdiyi hesabat prof. Martininin elmdə yeni bir istiqamət proqnozlaşdırmasına imkan vermişdir.
İ.Axundov, Fransa, Əlcəzair və İsveçrədə keçirilən simpoziumlarda çıxış etmiş, 1927 ildə müvəffəqiyyətlə dissertasiya müdafıə edərək, elmlər doktoru olmuşdur.1928 ildə Bakıdan vətənə qayıtmaq təklifi almışdır. Ümumxalq fəlakətinə çevrilmiş malyariya ilə mübarizədə ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi.
Təcrübəli həkim alim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. Almaniyada aldığı biliklərin əməli tədbiqinə başlamış, malyariya ilə mübarizədə mühüm rol oynamışdır. Onun görkəmli kimyaçı Yusif Məmmədəliyevlə birgə yaradıcılıq əməkdaşlığı malyariyaya qarşı kimyəvi terapiya müalicə üsulu, yeni preparatların yaradılması kimi uğurlu nəticələr vermişdir. Tələbəsinin fəaliyyətini uzaq Almaniyadan izləyən prof. Martini Axundovun malyariya ilə mübarizədəki uğurlarına sevinmiş, məktublarının birində hər iki alimin birgə əməyini yüksək dəyərləndirmişdir.
Axundov Bakı Epidemiologiya və Mikrobiologiya İnstitutunda parazitoloq-entomoloq işləmiş, Azərbaycan Tibb İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri, Bakı tropik stansiyasının direktoru, İkinci dünya müharibəsi dövründə Cənubi Qafqaz cəbhəsinin baş epidemioloqu olmuşdur. 40-dan çox elmi əsərin müəllifıdir. 30-cu illərdə mütərəqqi Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilmişdir. O, qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin çox hissəsini yandırmışdır.
Sənədli mənbələr fondunda Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Azərbaycan Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevə (1875-1920) aid iki kolleksiya da mühafizə edilir. 1995-ci ildə əldə edilən kolleksiya (inv.537) on ədəddən ibarətdir. Bu materiallar daha çox Həsən bəyin tibb təhsili və peşə fəaliyyəti ilə bağlıdır. Bunlar - ona Moskva Dövlət Universitetindən verilən diplom və şəhadətnamə, Gəncədə xəstə uşağı müayinə etdiyi zaman çəkilən fotoşəkildir. Həmçinin onun Gəncə Ədəbiyyat və İncəsənət Kulubunda oxuduğu “Hipnotizim haqqında” məruzəsinin proqramının və öz əli ilə qələmə aldığı “Həkimlərin hüquq və vəzifələrinə dair əsasnamə”nin xüsusi tarixi dəyəri var. 1920-ci il iyulun 19-da Tiflisdə çəkilən sonuncu fotoşəkili də böyük maraq kəsb edir. 2018-ci il iyunun 8-də qəbul edilən ikinci kolleksiya (inv.4534-4545) 12 fotoşəkildən ibarətdir. Kolleksiyada Həsən bəy Ağayevin XX əsrin əvvəlinə və AXC dövrünə aid ictimai-siyasi həyatı əks edilmişdir. Fondda qorunan bu materiallar Həsən bəy Ağayevin həyat və fəaliyyətini, həmçinin Cümhuriyyət dövrünü araşdıran tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.
1941-ci ildə Brest qalasının müdafiəçisi olmuş həkim Qədirov Muxtar Şıxmahmud oğluna məxsus materiallar isə Muzeyin Hədiyyələr və Xatirə Əşyaları Fondunda qorunur. Bu materiallar Muxtar Qədirovun şəxsi əşyalarından – tibbi ləvazimat, tibbi qab, tibb pinseti və qələmdən ibarətdir. Tibb ləvazimatı gümüş rəngli metaldan olub, sterilizasiya üçün istifadə edilmişdir. Ağ rəngli fayansdan ibarət olan tibbi qab isə tibb alətlərini saxlamaq üçün istifadə olunurdu. Azərbaycanın ilk həkim qadın Sona xanım Vəlixana məxsus tibb ləvazimatları qorunur. Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda həkim Sona Vəlixana aid eksponatlar da saxlanılır. O, 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk tibbi ali təhsilli qadın olmuşdur. Sonralar isə Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında dosent və professor vəzifəsində işləmişdir.
Muzeydə Azərbaycan həkimlərinə aid qorunan eksponatlar milli tibb tariximizin tədqiqi və təbliği üçün böyük əhəmiyyətə malikdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...