XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Sentyabr, 2020
Muzeydə Tver knyazlığının mis pulosu mühafizə edilir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Rusiyanın Tver knyazlığının Kaşin vilayətində (1395 - 1426) zərb edilmiş mis pulo qorunur. Bu nadir sikkə 2010-cu ildə Ağsu-İsmayıllı Ekspedisiyasının rəisi, t.ü.e.d., professor Qafar Cəbiyevin rəhbərliyi ilə orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılarda aşkarlanmışdır. Sikkə aşkar edildikdən sonra təyin edilməsi, qorunması və tədqiqi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Sikkənin numizmatika təyinatını Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatik və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova etmişdir. Sikkənin üst tərəfində sağ əlində xəncər, sol əlində sipər olan hərbçi, ətrafında rus dilində: “ПУЛЪ КАШИНЬСКИЙ” sözləri, arxa tərəfində: arxaya istiqamətlənən vəziyyətdə sağ əlində quş tutan atlı, ətrafında bəzəkli möhür həkk edilmişdir. Kaşin vilayəti ərazisi müasir Tver vilayətinin cənub-şərqini əhatə etmiş, Böyük Tver knyazlığı tərkibində XIV əsrin sonu – XV əsrin əvvəlində mövcud olmuşdur. Kaşin knyazlığında ilk sikkə zərbinə Kaşin knyazının nəvəsi - III Vasili Mixayloviçin hakimiyyəti dövründə (1395 - 1426) başlanılmış, numizmatik tədqiqatlara əsasən orta çəkisi 1,4 q olan son Kaşin mis pulları XV əsrin 60-cı illərində zərb edilmişdir. “Russkoe pulo” adlandırılan belə sikkələrin əksəriyyətində knyaz adı və zərb tarixi olmadığı üçün, numizmatik təyinatında təsvirlərin tipinə və yazılara istinad edilir. Bu nadir sikkənin Ağsuda aşkarlanması milli numizmatikamızda ilk və diqqətəlayiq faktdır. XV əsrin II yarısında Azərbaycanla Rusiyanın tarixi ticarət əlaqələrini təsdiq edən bu fakt, həm də uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir.