XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2020
Əziz izləyicilər!
Bu gün 15 sentyabr – Bilik Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik Günü” kimi qeyd olunur. 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyinə həsr olunmuş nəşrləri içərisində “Əlifba” kitabı da olmuşdur ki, bu haqda sizə məlumat vermək istəyirik. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın müəllifliyi ilə nəşr olunmuş Azərbaycan dilində “Əlifba” kitabı (Bakı, Elm və təhsil, 2020, 71 s.) uşaq və yeniyetmələrə, o cümlədən yaşlılara xitab edən əsərdir. Kitabda Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümunələrinin, məişətdə işlənən müxtəlif əşyaların fotoşəkilləri və s. haqqında məlumat verilir. Onların artıq dilimizdən çıxmış, anaxronizmə çevrilmiş adları yadımıza salınır. Muzeyin kollektivi adından 15 Sentyabr – Bilik Günü münasibətilə sizləri bir daha təbrik edir, uğurlar arzulayırıq!