XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Sentyabr, 2020
Muzey əməkdaşının məruzəsi nəşr edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “Ağdam definesinde bulunmuş Trabzon asprı önemli numismatik tapıntıdır” adlı məruzəsi çap edilib (s. 305 - 313). Məruzə 21-22 avqust 2020-ci ildə Türkiyənin Trabzon şəhərində onlayn keçirilmiş VIII Beynəlxalq Mədəniyyət və Sivilizasiya Konqresinin “Məruzələr” toplusunda yer alıb. Məruzədə ötən əsrdə professor Yevgeni Paxomovun (1880 - 1965) qeydə aldığı, lakin yetərincə nəzəri tədqiqata cəlb edilməyən Ağdam şəhərində aşkarlanan 195 gümüş sikkədən ibarət dəfinə araşdırılıb. Dəfinədə olan Səlcuqlu sultanı IV Qılıc Arslan (646 – 647 = 1248 – 1249; 655 – 660 = 1257 – 1262; 660-664 = 1262 - 1266), Trabzon imperatoru II İoann Komnen (1280 – 1284; 1285 - 1297), Çingizi hökmdarı Munke (1251 - 1260), Elxani hökmdarları Abaqa (1234 - 1282) və Arğun (1284 - 1291) dövrünə aid gümüş sikkələrin səciyyəvi cəhətləri təqdim edilib. Həmçinin “xristian-hülakü” adlanan sikkə qrupu barədə də məlumat verilib. Nəticədə qeyd edilən dəfinənin XIII əsrin II yarısının pul təsərrüfatının açıqlanmasına yardım edən faktiki vasitə olduğu vurğulanıb.