XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2020
AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) 2020-ci il üçün dissertanturaya qəbul elan edir
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. MATM-ə fəlsəfə doktoru hazırlığı üzrə Etnoqrafiya və etnologiya ixtisasına 1 yer, Vətən tarixi ixtisasına 1 yer, Muzeyşünaslıq ixtisasına 2 yer, o cümlədən elmlər doktoru hazırlığı üzrə Etnoqrafiya və etnologiya ixtisasına 1 yer, Arxeologiya ixtisasına 1 yer ayrılmışdır. Dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək. Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər. Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır: - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - kadrların şəxsi-qeydiyyat vərəqi; - tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - iş yerindən xasiyyətnamə; - əmək kitabçasından çıxarış; - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə); - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - şəxsiyyəti təsdiq edən sənədin surəti. Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir. Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır: - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - kadrların şəxsi-qeydiyyat vərəqi; - tərcümeyi-hal; - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); - iş yerindən xasiyyətnamə; - əmək kitabçasından çıxarış; - çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə); - fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - şəxsiyyəti təsdiq edən sənədin surəti. Əlavə məlumat üçün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və Təhsil şöbəsinə müraciət etmək olar. Əlaqə telefonu: (+994 12) 493 11 34. Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.