XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Oktyabr, 2020
Muzeydə Yuxarı Gövhər ağa məscidini əks etdirən fotoneqativ saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidini əks etdən, 1934-cü ilə aid fotoşəklin neqativi qorunur (İnv.1229). Alınma tarixi 1954-cü ilə aiddir. Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Erməni silahlı qüvvələrinin Şuşanı işğalı nəticəsində Yuxarı Gövhər ağa məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulub. Təmir-bərpa işləri bəhanəsi ilə ermənilər Yuxarı Gövhər ağa məscidinin daxili interyerini dəyişib və bundan sonra abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürüblər.