XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Noyabr, 2020
9 Noyabr – Dövlət Bayrağı Günüdür
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Cümhuriyyət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli Azərbaycan Tarixi Muzeyində tarixi Cümhuriyyət bayrağımız mühafizə olunur. Bu bayrağı Türkiyədə mühacirətdə olan Məhəmmədəmin Rəsulzadə 1952-ci ilin 28 May günü ərəfəsində hazırlamışdır. Bayrağı keçmiş mühacir Gülmirzə Bağırov qoruyub saxlamış, Bakıya gətirmişdir. 2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir. Muzeydə qorunan bu bayraq Cümhuriyyət dövrünün və Dövlət Bayrağının təbliği baxımından mühüm ictimai-siyasi əhəmiyyətə malikdir. Bayramınız mübarək!