XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2012
AMEA Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 40 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

AMEA Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 40 illiyinə həsr olunmuş elmi-praktiki konfrans Dekabrın 18-də Şəki Şəhər İcra Hakimiyyətində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) yaradılmasının 40 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.Elmi-praktiki konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA Rəyasət Heyətinin üzvləri, o cümlədən AMEA vise-prezidenti, MATM direktoru, akademik Nailə Vəlixanlı, bir sıra elmi institut və təşkilatların rəhbərləri, həmçinin şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüşlər.


Foyedə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətini əks etdirən stendlər nümayiş olunmuşdur.Konfransı şəhər icra hakimiyyətinin başçısı E.Usubov açaraq Regional Mərkəzin 40 illik yubileyinin Şəkinin elmi və mədəni həyatında çox mühüm hadisə, əlamətdar bayram olduğunu bildirmişdir.Akademik Mahmud Kərimov bildirmişdir ki, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün cari məsələlərin həlli məqsədi ilə Şəki şəhərində AMEA-nın Kompleks Zona Elmi Bazasının yaradılmasından 40 il keçir. Fəaliyyəti dövründə bu müəssisə elmi tədqiqat arealını xeyli genişləndirmiş, laboratoriyalarının sayını tədqiqat tələbatına və məzmununa uyğun olaraq artırmış, nəhayət Regional Elmi Mərkəzə çevrilmişdir. ŞREM-in direktoru, professor Z.Əlizadə Regional Elmi Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Mərkəzin elmi əməkdaşlarının yerli bitki və heyvanat aləmi ehtiyatlarının öyrənilməsi, təbiət abidələrinin bərpası, torpaqların məhsuldarlığının yüksəldilməsi, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə, tut ipəkqurdunun məhsuldar cinslərinin yetişdirilməsi, folklor, memarlıq və el sənəti nümunələrinin öyrənilməsi sahələrində elmi nəticələri xüsusi dəyərə malikdir.Konfransda AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Y.Mahmudov, AMEA-nın müxbir üzvləri A.Qəribov, F.Qədirov, akademik A.İsmayılzadə çıxış edərək mərkəzin əməkdaşlarına gələcək elmi fəaliyyətlərində uğurlar arzulamışlar. AMEA-nın prezidenti Mahmud Kərimov Rəyasət Heyətinin qərarına əsasən Elmi Mərkəzin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim etmişdir. Mərkəzin rəhbərinə şəhər icra hakimiyyəti tərəfindən hədiyyə təqdim olunmuşdur.