XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Dekabr, 2020
Akademik Nailə Vəlixanlını 80 illik yubileyi münasibətilə təbrik edirik!
Bu gün görkəmli şərqşünas-tarixçi alim, akademik Nailə Məmmədəli qızı Vəlixanlının doğum günüdür. Nailə Vəlixanlı 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsindən məzun olmuş, Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində əmək fəaliyyətinə başlamışdır. Görkəmli şərqşünas Ziya Bünyadovun rəhbərliyi ilə “IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında” mövzusunda namizədlik dissertasiyasını, “Ərəb Xilafəti və Azərbaycan” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970-2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif ali məktəblərdə “İslam tarixi”, “Azərbaycan tarixi” və digər fənləri tədris etmişdir. 2007-ci il aprel ayında AMEA-nın həqiqi üzvü və vitse-prezidenti seçilmişdir. 1998-ci ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur. Akademik Nailə Vəlixanlı Azərbaycanın orta əsrlər tarixini işıqlandıran bir sıra qiymətli monoqrafiyaların, elmi əsərlərin müəllifidir. Akademik Nailə Vəlixanlı elmdə qazandığı nailiyyətlərə görə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu il 24 dekabr tarixində “Şöhrət” ordeni ilə təltif edilmiş, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Nailə xanımı Muzey kollektivi adından bir daha təbrik edir, uzun ömür, sağlamlıq və xoşbəxtlik arzu edirik!