XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
25 Yanvar, 2021
Azərbaycanın ilk hərbi topoqrafı İbrahim ağa Vəkilovun Azərbaycan Cümhuriyyəti dövrünə aid unikal fotoşəkli (MATM-nin materialları əsasında Muzey əməkdaşı Zümrüd İsmayılovanın məqaləsindən bir hissə)

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyaları Azərbaycan tarixinin müxtəlif səhifələrini öyrənməyə imkan verir. Bu səhifələrdən biri də Azərbaycanın hərbi topoqrafiyasının tarixidir. XIX əsrin ikinci yarısında Rusiya İmperiyasında təhsil almış və imperiya ordusunda xidmət edən ilk hərbi topoqraflar sonradan biliklərini Azərbaycanın xeyrinə tətbiq etdilər. İlk Azərbaycan hərbi topoqrafı İbrahim ağa Vəkilov, imperiya ordusunda bir polkovnik idi və Azərbaycan Cümhuriyyəti Ordusunda general rütbəsinə yüksəlmiş, Azərbaycanda topoqrafiya elminin inkişafına böyük töhfə vermişdir. Azərbaycanın hərb tarixində xüsusi xidmətləri olmuş general İbrahim ağa Vəkilov Azərbaycanda yeganə şəxsiyyətdir ki, nə özündən əvvəl, nə də müasirləri arasında topoqrafiya sahəsi üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb. 1966-cı ildə Faris bəy Vəkilov atası İbrahim ağa Vəkilova aid sənədləri, fotoları, xəritələri toplayıb Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna təhvil verib, ancaq o vaxtdan bu materialların bir qismi araşdırılsa da, çox hissəsi hələ də araşdırılmayıb. Belə ki, təqdim edilən məqalənin məqsədi hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə azərbaycanlı İbrahim ağa Vəkilovun Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda mühafizə edilən Azərbaycan Cümhuriyyəti dövrünə aid unikal fotoşəklini təhlil edərək 1918-1920-ci illər Azərbaycan Ordusunun uniformasının bəzi xüsusiyyətlərini müəyyən etmək, dövrün mənbələrində qeyd edilən geyim elementlərinin mövcudluğunu real fotoşəkillə təsdiqləmək, həmçinin göstərilən fondda saxlanılan İ.Vəkilova aid kolleksiyasının icmalını verməkdir. Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan İbrahim ağa Vəkilovun fotoşəkilləri, sənədləri və onun həyat yolunu əks etdirən eksponatlar qorunub saxlanılır, hal-hazırda da muzeydə təşkil olunan sərgilərdə, ekspozisiyada nümayiş olunur. İbrahim ağa Vəkilov özünün şəxsən çəkdiyi geodezi kəşfiyyat xarakterli fotolar hərbi əməliyyatların aparılmasında həlledici rol oynayırdı. Belə ki, İ.Vəkilova məxsus 100-ə yaxın geodezi, coğrafi-etnoqrafik kəşfiyyat xarakterli fotolar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda müxtəlif inventar nömrələri altında mühafizə olunur. Kəşfiyyat-informasiya toplama məqsədilə çəkilmiş bu materiallar arasında müxtəlif regionların, müxtəlif tayfaların, çayların, dağların şəkillərini görmək olar. Qeyd olunmalıdır ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda mühafizə olunan İbrahim ağa Vəkilova aid toplanmış foto sənədlər Azərbaycanda topoqrafiya sahəsinin inkişaf xüsusiyyətlərini öyrənməyə şərait yaradır.