XƏBƏRLƏR
19 Yanvar, 2021
Muzeydə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı onlayn formatda tədbir keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə Nəsimi rayonu Texniki-Humanitar Liseyin şagirdləri, Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin şagirdləri, Füzuli rayonu 1 saylı tam orta məktəbin şagirdləri, Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdləri, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdləri, Sabunçu rayonu 128 nömrəli tam orta məktəbin şagirdləri, Suraxanı rayonu 141 saylı tam orta məktəbin şagirdləri, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin şagirdləri, Oğuz rayon Baş Daşağıl kənd orta məktəbin şagirdləri, Astara rayon Şümrüd kənd tam orta məktəbin şagirdləri, Xaçmaz rayon Xudat şəhər 3 saylı məktəbin şagirdləri iştirak ediblər.
Tədbiri açıq elan edən Muzeyin mütəxəssisi Qənirə Qafarlı sözü Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsiyə verdi. Fəridə xanım 20 yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib. Natiq bildirib ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 20 yanvar faciəsindən 31 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Sonra Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov çıxış etdi. Tədbirin mahiyyəti haqqında məlumat verib qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd 20 yanvar faciəsinin tarixi kökləri haqqında məktəblilərə məlumat verməkdir. Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Dos. B.Kərimov bildirdi ki, o dövrdə Ermənistanın, Moskvanın və Qərbin dövrü mətbuatında Azərbaycana qarşı geniş təbliğat kampaniyası başlanmışdı. Erməni millətçiləri ilk növbədə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasma yönələn ərazi iddiaları ilə çıxış edirdilər. Azərbaycan rəhbərliyi isə bu çətin və məsuliyyətli dövrdə qətiyyətsiz mövqe nümayiş etdirir, lazımi tədbirləri görmürdü. Lakin Ermənistanda yaradılmış silahlı quldur dəstələri tərəfindən azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasına başlanılmışdı. SSRİ rəhbərliyi Qarabağ məsələsinin ədalətli həllinə qətiyyən maraq göstərmir, Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi bütün qərarlar Azərbaycanın bu ərazi üzərində hüquqlarının daha da pozulmasına səbəb oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq meyillərinin güclənməsi, bu zaman SSRİ rəhbərliyinin tam ermənipərəst mövqedən çıxış etməsi və respublika rəhbərliyinin azərbaycanlıların pozulmuş hüquqlarını müdafiə etmək iqtidarında olmaması xalq hərəkatının genişlənməsilə nəticələndi. Bakının Lenin meydanında başlayan kütləvi mitinqlər 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına çevrildi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli ay-ulduzlu bayrağı dalğalandı. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda anti-Azərbaycan siyasətinə son qoyulması, Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi kimi çox mühüm tələblər irəli sürülmüş, hətta ilk dəfə "suverenlik", "azadlıq" kimi şüarlar səsləndirilmişdi. Əhali tərəfindən Sovet - İran sərhədindəki qurğular dağıdılmışdı.
1990-cı il yanvar ayının 15-də SSRİ rəhbərliyi "DQMV və digər rayonlarda fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Baş vermiş bütün bu hadisələr Azərbaycanda siyasi böhranın dərinləşməsinə gətirib çıxartdı. İflic vəziyyətinə düşən respublika hökuməti hadisələrə nəzarəti tamamilə itirdi. SSRİ hökuməti Azərbaycanda Sovet hakimiyyətinin devriləcəyindən və Azərbaycanı itirəcəyindən, nəticədə respublikanın müstəqillik qazanacağından bərk qorxuya düşərək Bakı ətrafına çoxlu sayda əlavə qoşun hissələri və ağır texnika cəmləşdirməyə başladı. 1990-cı il yanvar ayının 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Lakin 1990-cı il yanvar ayının 20-si səhərədək bu fərman xalqdan gizli saxlamldı. Həmin fərman haqqında xalqa heç bir məlumat verilməsin deyə yanvar ayının 19-da axşam saat 19:30-da Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Şəxsən SSRİ Müdafiə naziri marşal D.Yazovun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gizli kod adı "Tayfun" olan döyüş əməliyyatına başlandı. Bakı şəhərinin küçələri çoxlu sayda günahsız insanların-qoca, qadın və uşaqların qanına boyandı. Sovet ordusu tərəfindən həyata keçirilən qırğınlar nəticəsində Bakı şəhərində və digər bölgələrdə 131 nəfər dinc sakin öldürülmüş, 734 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, yüzlərlə yaşayış evi yandırılmış, əhaliyə və şəhər təsərrüfatına böyük ziyan vurulmuşdu. Düşmən bu qətliamı həyata keçirəndən sonra, məhz yanvar ayının 20-də səhər əhaliyə Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat verilmişdi.
Azərbaycan xalqının bu ağır günlərində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və buraya toplaşmış minlərlə azərbaycanlı qarşısında çıxış edərək bu hadisəyə qəti etirazını bildirmişdi. Heydər Əliyev SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirmiş və bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Heydər Əliyev bu məşhur çıxışında ilk dəfə 20 yanvar hadisələrinə siyasi qiymət vermiş və çıxışın mətni bütün dünyada və respublikada geniş yayılmışdı. Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər Bakı şəhərinin ən uca yeri olan Dağüstü Parkda dəfn edildilər. İndi həmin müqəddəs məkan Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimiz uyuyur.
B.Kərimov qeyd etdi ki, Mərkəzi hökumət bütün təqiblərə və təsirlərə baxmayaraq xalqımızın milli demokratik və müstəqilliyi ideyalarını qıra bilmədi. Bu faciədən sonra xalqımız daha da mətinləşdi. Müstəqillik uğrunda sona qədər mübarizə apardı və müstəqilliyə nail oldu. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Tədbirin sonunda bədii hissə göstərildi. Bədii hissədə Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin tarix müəllimi Firuzə Yahyayevanın rəhbərliyi ilə 8-ci sinif şagirdləri - Məmmədova Lalə, Rüstəmova Nuranə, Yahyayeva Gülçin, Rzayeva Fidan, 5-ci sinif sagirdi Ayxan Əkbərlinin təqdimatında şeirlərdən ibarət videoçarxın və Füzuli rayon 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Alıyevanın rəhbərliyi ilə 8-ci sinif şagirdləri – Hüseyzadə Nəzrin, Həsənli Fatimə, Babayeva Hürü, 7-ci sinif şagirdləri Quluzadə Əkbər, Aslanlı Sevinc, İbrahimova Nəzrin, 6-cı sinif şagirdləri Muxtarov Əsgər, Rüstəmov Elnur, Əmirli Ayan, 5-ci sinif şagirdi İmanov Kamran və 1-ci sinif şagirdi Həmidli Jalənin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olundu.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq Muzeyin fondlarında qorunur. Bunlar qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...