XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Fevral, 2021
Şəhid mayor Əliyev Malik Təvəkkül oğlunun şəxsi əşyaları Muzeyə daxil olub
II Qarabağ müharibəsinin şəhidi, mayor Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 5 saylı məktəbdə, Heydər Əliyev adına liseydə təhsil alıb. 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olub. 2008-ci ildə təyinat ilə 2005 №li Xudat hərbi dəstəsi komentant bölük komandiri kapitanı vəzifəsində işə başlayıb. 2010-cu ildə Çində 6 aylıq kursda, 2011-ci ildə Çində Azərbaycandan gedən kursantların komandiri vəzifəsində olub. Hər iki kursu fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Türkiyənin Ankara şəhərində kursda olub. 2015-ci ildə Xudatdan 2002 №li Horadiz sərhəd dəstəsinə komendaturanın qərargah rəisi vəzifəsinə təyin olunub. 2016-cı ildə DSX-nin Akademiyasında kursa cəlb olunub. 2017-ci ildə DSX-də fiziki hazırlıq üzrə işə başlayıb. 2018-ci ildə mayor rütbəsi alıb. 2018-ci ildə Türkiyədə kursda olub. 2020-ci ilin fevral ayında DSX-nın Çevik Hərəkət Qüvvələri Komandanlığında Döyüş hazırlığı üzrə şöbənin rəis müavini üzrə işə başlayıb. 2020-ci ilin iyun ayından Qazaxda təlimlərdə olub. 2020-ci il iyun ayından başlayaraq Tovuz, Daşkəsən rayonlarında baş vermiş erməni insidentləri zamanı həmin ərazilərdə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl və Hadrut rayonlarının alınmasında yaxından iştirak edib. 2020-ci il 13 oktyabrda Cəbrayıl rayonunda növbəti dəfə şəhid və yaralılarımızı təxliyə edərkən şəhid olub. Şəhid mayorun sağlığında aldığı medalları bunlardır: “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı, “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələri 10 il Qüsursuz Xidmətə görə 3-cü dərəcəli medal. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru Malik Əliyev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Prezidentin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Ailəli olub, 1 qızı var. Qeyd edək ki, şəhid mayorun hərbi geyim dəsti, çəkməsi, əlcəyi, səhra kompası Muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən Muzeyə təqdim olunub.