XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Yanvar, 2021
20 yanvar faciəsi dövrün mətbu orqanlarında
Dağılmaqda olan sovet imperiyasının 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətindən keçdiyi otuz bir il ərzində Milli Azərbaycan Tarixi Muzeyində bu qırğına dair müxtəlif səpkili xeyli material toplanmışdır. Bununla belə həmin dövrdə ictimai həyatın aynası olan mətbuatda əks etdirilməsi xüsusi maraq kəsb edir. O zamanın bir neçə qəzeti Muzeyin Sənədli Mənbələr Fondunda mühafizə olunur. Sabir Rüstəmxanlının yerli mətbuatın əsirlik ənənəsini davam etdirərək buraxdığı “Azərbaycan” qəzetinin həmin ilin 24 yanvar sayı (inv. №3349) şəhidlərin yasının saxlayan xalqımızın Bakıda iki gün əvvəl keçirdiyi izdihamlı mitinqinin fotoşəkili ilə açılır. Eyni məzmunlu materiallları o günlərdə çapdan çıxmış Azərbaycan Xalq Cəbhəsi Elmlər Akademiyasındakı şöbəsinin nəşr etdirdiyi “Axın” qəzetinin (inv. №3356), habelə AKP MK-nın rus dilində buraxılan orqanı “Vışka” qəzetinin (inv. №3354 və 3355) səhifələrində oxumaq olar. Rusiyada nəşr olunan “Obozrevatel” qəzetinin 1990-cı il yanvar-fevralında işıq üzü görən “Türküstan” adlı əlavəsinin (inv. №3348) xeyli hissəsi 20 yanvar faciəsinə həsr olunmuşdur. Moskvanın “Soverşenno sekretno” nəşrinin 22 yanyar 1998-ci il sayında dərc edilən “Yazov o gecə Bakını helikopterin göyərtəsindən müşahidə edirdi” məqaləsi (inv. №3357) bu hadisələrin müəmmalı məqamlarına işiq salır.