XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Yanvar, 2021
Hörmətli izləyicilər!
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq MATM-nin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun “Nizamidə maarifçilik və humanizm” adlı məqaləsini təqdim edirik. Dahi Nizami ilk öncə Azərbaycan şairidir. O, “Leyli və Məcnun” əsərində sanki sonralar onu Azərbaycandan ayırmaq istəyənləri hiss edirmiş kimi, türkcə yerinə farsca yazmasının şahların tələbi ilə olduğunu Şirvanşah I Axsitanın diliylə ortaya qoymuşdur: “Fars, ərəb diliylə vur ona zinət… Türk dili yaramaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə”. Nizaminin azərbaycanlılığı məsələsi M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində və digər müxtəlif araşdırmalarda ortaya qoyulmuşdur. Nizami Azərbaycan şairi olmaqla yanaşı, ümumbəşəri, humanist bir mütəfəkkirdir. Nizami yaradılıcığını tədqiq edən zaman biz onu bütün dini və dünyəvi elmlərə bələd olan bir alim kimi görürük. Onun əsərlərində fəlsəfi məsələlərə, tarixi məlumatlara, elmi mövzulara rast gəlirik. Nizami eyni zamanda əsərlərində islam dininə, Allah və peyğəmbər mövzularına geniş yer vermiş bir mütəfəkkirdir. Nizamidə dini maarifçiliyi iki yöndə - 1) müxtəlif təbəqədən olan insanlara etdiyi ədaləti, elmi, zəhmətkeşliyi təşviq edən nəsihətlərdə; 2) Allaha və peyğəmbərə ithaf etdiyi mədhlərdə, onları təbliğ edən beytlərdə görürük. Dahi mütəfəkkir şeirə, ədəbiyyata yüksək qiymət verir, “Sirlər xəzinəsi”ndə həqiqi şairləri peyğəmbərlərə bərabər sayaraq, onların da peyğəmbər kimi haqqın təzahürü olması gərəkdiyini belə ifadə edirdi: “Şair ilə peyğəmbər - bir nigarın məhrəmi, Peyğəmbərlə şair haqq, qalanlar haq görkəmi”. Nizami sadəcə islamı təbliğ etməklə qalmamış, onu ən gözəl şəkildə, fəlsəfi, elmi, bədii şəkildə tərənnüm etmiş, eyni zamanda mənsub olduğu sufizm - əxilik aləminin də təsirilə möhtəşəm fikirlər ortaya qoymuşdur. Şərqşünas Y.Bertelsə görə, "Xilafətin feodal dövlətinə çevrildiyi illərdə bəzi ilkin sufilər, daha doğrusu, zahidlər (asketlər) öz moizələrində hakimiyyət nümayəndələrinə qarşı çıxırdılar. Nizami də məhz belə sufi olmaq istəyir, buna görə də özü dediyi kimi, öz dövrünün bir parça çörəyə satılmış "abidlərinə" qarşı kəskin tənqidlə çıxış edirdi. Nizami kimi bir "sufi" öz dövrünün hakimlərinə öyüd-nəsihətlə nəinki müraciət edə bilərdi, həm də etməli idi". Nizami belə hesab edirdi ki, onun şahlara öyüd-nəsihət vermək hüququ vardır və bu ali hüquq – şair və sufi hüququ ona Allah tərəfindən verilmişdir. Məhz buna görə də Gəncə şeyxinin əsərləri sosial məzmun kəsb edir. Nizamini sufi-romantik şair sayan A.Y. Krımski görə isə Nizami hələ gənc yaşlarından əxilik sufi sektasına qoşulmuşdu. Nizami “Sirlər xəzinəsi”ndə Allahın xaricindəki hər şeyin, hər kəsin fani və Tanrıya möhtac olduğunu ortaya qoyur: “Bu boş, fani dünyada, bu dəyişən qəlibdə, Xidmət, sərvət, səltənət elə gedib-gəlib də”. Lakin bu dini ideyalar Nizaminun dünyadan dünyadan tamamilə əl-ətək çəkib, sadəcə axirət arzusu ilə yaşamağı təbliğ etmədiyini, Y.Bertelsin də dediyi kimi - sadəcə dünyaya qəlbən bağlanmağı rədd etdiyini göstərir. Nizami - “Xeyirxahlığı güdmək - adillik nişanəsi, Xalqa xidmət - kişinin ən böyük xəzinəsi!” deyərək, Allaha xidmətin xalqa xidmət olduğunu və “Xalqa divan tutanı divan gözlər hər yanda, Məzlumların fəryadı qorxuludur hər yanda”, deyərək, dövlətin də qayəsinin rəiyyətə ədalət olduğunu göstərir. Şair, ruhən var-dövlət düşkünü olan, lakin özünü Tanrı bəndəsi kimi göstərib, haram mal yeməkdən çəkinməyən və tövbə ilə qurtulacağını zənn edən bəzi din xadimlərini də belə ifşa edirdi: “Min bir sevinc içində sofu malı yemişdi, Min bir göz yaşı töküb üzr istəyirdi indi”. Şair olmaqla yanaşı böyük bir alim də olan Nizami elmə, təhsilə xüsusi əhəmiyyət vermiş, oğluna riyakar ruhani və yarımçıq həkim olmamağı, elmin ləyaqətinə uyğun olaraq şərəfli alim olub insanlığa xidmət etməyi tövsiyə edirdi: “İsa mərifətli həkim ol, amma, İnsanı öldürən bir həkim olma”. Nizami yaradıcılığında qadın azadlığı, qadın haqları mövzusu da geniş yer tutur, xurafata, mənasız adət-ənənələrə qarşı mübarizə aparır. Orta əsrlərdə din bayrağı altında qadın kişinin bir kölgəsinə, cəmiyyətdən uzaqlaşdırılan dəyərsiz bir məxluqa çevrilmişdi. Nizami də “Leyli və Məcnun” əsərində bu problemə diqqət çəkmiş, atalarının, ərlərinin əlində əsir-yesir olan, zorla evləndirilən, haqq və hüququ, ən adi bəşəri azadlıqları, sevmə-sevilmə ixtiyarı əlindən alınan müsəlman qadınlarının acı taleyini əks etdirmişdi. Nizami yaradıcılığında multikultural, humanist ideyalar da əsas yer tutur. Onun "Yeddi gözəl", “Xosrov və Şirin” və "İskəndərnamə" kimi poemalarında bir sıra uzaq xalqların nümayəndələrinin parlaq, gənc, gözəl surətləri yaradılmış və onlara öz səmimi münasibətini ifadə etmişdir. Tolerantlıq, dözümlülük, özgəyə acıma şairin, demək olar ki, bütün əsərlərində aparıcı xətləri təşkil edir. Nizami "insan" dedikdə dinindən, irqindən və dilindən asılı olmayaraq, bəşər övladını - müxtəlif millətlərin nümayəndələrini nəzərdə tutmuşdur. Şairin – “Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm; Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm” beyti buna nümunədir. Milli Azərbaycan Tarixi Muzeyində də Nizami irsi qorunur və təbliğ edilir. Muzeydə Nizaminin büstü, XIX əsrin sonlarına aid Nizami Gəncəvinin miniatür cildli “Xəmsə”si saxlanılır. Həmçinin akademik Akif Əlizadə tərəfindən AMEA-nın 70-ci ildönümü ilə əlaqədar Muzeyə hədiyyə etdiyi xalçada Nizaminin heykəli və ətraflarında Gəncə şəhərinə məxsus abidələrin təsviri də həkk olunmuşdur. Nizami əbədiyaşar və ümümbəşəri bir şəxsiyyətdir. Dövlət başçısının dediyi kimi – “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır”.