Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" adlı antologiya çap olunub (Bakı, 2021). Kitabın elmi redaktoru akad. Kamal Abdulladır. Kitabda Azərbaycanın orta əsrlərdə, XIX-XX əsrlərdə yaşamış ruhanilərinin, filosoflarının, publisistlərinin, şair və mütəfəkkirlərinin multikultural görüşləri, əsərlərindən nümunələr verilməklə təqdim olunub.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov kitabın həmmüəlliflərindən biridir. Oxucuya təqdim edilən bu kitabda müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həllinin daha çox aktuallıq kəsb edildiyi vurğulanır. Kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, müasir dünyada hər bir xalqın mədəniyyətində multikulturalizmin iki fəlsəfi mənası vardır ki, biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir. Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının əsasında formalaşmışdır. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir.