XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
16 Mart, 2021
Muzeydə 27 mart "Elm günü" münasibəti ilə elmi seminar keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd olunur.

Tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı elmə, təhsilə xüsusi önəm verildiyini vurğuladı. Qeyd edib ki, ölkəmizdə bu sahənin inkişafı üçün çox geniş imkanlar yaradılıb. 27 mart “Elm günü” ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. AMEA-nın inkişaf mərhələləri və fəaliyyətindən bəhs edən N.Vəlixanlı muzeyin elmi işçilərinin elmə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd etdi ki, Muzey tariximizin güzgüsüdür. 44 günlük Vətən müharibəsinin təbliği Muzeyimizdə uğurla həyata keçirilir, bu mövzuda toplama işi də davam edir. Şanlı tariximizi yaşatmaq Muzeyimizin borcudur. Həmçinin muzeydə yaradılmış yeni Vətən müharibəsi fondu barədə geniş məlumat verdi.

Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva "Azərbaycanın elm və mədəniyyətinin təbliğində sərgilərin rolu" mövzusunda məruzə ilə çıxış etdi. Dos. Nərgiz Əliyeva bildirdi ki, Muzey eksponatlarının nadir olması, kolleksiyanın tam olması, onların elmi dövriyyəyə buraxılması qürur mənbəyi olaraq muzeyin kamilliyinin göstəricisidir. Lakin tək ona görə muzey yaşamır və yaşamamalıdır. Bəşər sivilizasiyasının mədəni irsinin bir parçası kimi muzey kolleksiyasının sosial əhəmiyyəti tarixi proseslərin gedişində birləşdirici həlqə kimi dominant rolunu oynayır. Burada isə əsas rolu muzey predmetinin əsas xüsusiyyəti olan elmi informasiya vermək, tipik və unikal, mənalı, təsirli olanı nümayiş etdirmək bacarığı oynayır. Elmi ekspozisiya ilə yanaşı sərgilər də bu rolu yerinə yetirir. Ekspozisiyadan fərqli olaraq sərgilər tək bir məkanda deyil, müxtəlif məkanda elmi informasiya vermək səlahiyyətini özündə saxlayır. Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif mövzuda və müxtəlif məkanlarda çoxlu sayda sərgilər qurulması barədə məlumat verdi.

Qeyd etdi ki, sərgi eksponatlarının əks olunduğu disk hazırlanması da nəzərdə tutula bilər. Tamaşaçılardan arzu edən olarsa həmin kataloqun disk variantını Muzey vasitəsilə əldə edə bilərlər.

Nərgiz Əliyeva dedi ki, bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyində Muzey saytının təqdimatı keçirildi. Əvvəlki saytdan fərqli olaraq məlumatlar üç dildə, Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq. Önəmli olanlardan biri də budur ki, iri həcmi olan kataloq, kitab-albom, toplu və elmi əsərlər təqdim oluna biləcək. Yeni sayt Azərbaycan elm və mədəniyyətinin təbliğ olunması üçün daha geniş imkanlar açmaqla bərabər, Muzey əməkdaşlarının üzərinə də daha böyük məsuliyyət düşür. Onlardan daha zəngin yaradıcı işləmələri tələb olunur. Hazırda Muzey iki ən vacib məsəni yerinə yetirir, həm ekspozisiyanın yenidən qurulması və “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üzərində iş gedir.

Sonra Muzeyin direktor müavini, dos. Məhfuzə Zeynalova çıxış etdi. Muzeydə yeni yaradılmış Vətən müharibəsi fondu və şəhid, qazi materiallarının toplama işi barədə danışdı. Aktiv əməkdaşlara təşəkkürünü bildirdi. Fond müdiri Sevinc Nəsirova da çıxış edib Muzeydə milli qəhrəmanlığın təbliğinin əhəmiyyətini vurğuladı. Sonda akad. Nailə Vəlixanlı Muzey əməkdaşlarını "Elm günü" və gələcək Novruz bayramı münasibətilə bir daha təbrik etdi, elm və muzey işində uğurlar arzuladı.