XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
31 Mart, 2021
Muzeydə 31 Mart Soyqırımında Azərbaycan əhalisinə qarşı istifadə olunmuş top mühafizə olunur

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında 1918-ci il mart hadisələri ilə bağlı zəngin materiallar qorunmaqdadır. Muzeyin Silahlar və bayraqlar fondunda 2711 inventar nömrəsi altında qeydiyyatdan keçən kiçik həcmli bir top qorunur . Mart faciəsi günlərində bolşevik-daşnak birləşmələrinin azərbaycanlılara qarşı istifadə etdikləri hərbi sursatlardan biri olan bu top poladdan tökmə üsulu ilə hazırlanmışdır. Topun lüləsinin üzərində ox-kaman işarəsi, “1918 г.” və erməni əlifbası ilə yazılmış hərflər həkk olunub. Top Bakıda erməni sahibkarı Xatisovun zavodunda düzəldilmişdir.

Bu gün bizi Mart qırğınından 100 illik zaman ayırır. 31 mart - 3 aprel 1918-ci il tarixlərində Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı sərhəd tanımayan qəddarlıq ilə soyqırım cinayəti törədilmişdir. Qırğınlara 16 dekabr 1917-ci il tarixində RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq etmişdir. 31 mart 1918-ci il tarixində Bakını havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlamış, bolşevik-daşnak silahlı dəstələri evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər.

Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan yalnız milli mənsubiyyəti və dini etiqadına görə qətlə yetirilmişdir. o, Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Xalqın yaddaşında əbədi iz buraxmış 31 mart soyqırımının statistikası insanlığa qarşı yönəlmiş vəhşilik haqqında aydın təsəvvür yaradır. Belə ki, erməni terroru zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 132 min nəfər isə qətlə yetirilmişdir.