Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhələsi” mövzusunda tədbir keçirilib. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı, “H.Z. Tağıyev 4” ərazi partiya təşkilatı və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının “H.Z. Tağıyev 4” ərazi partiya təşkilatının üzvü Gülnar Fərhadova Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasi fəaliyyət haqqında məlumat verib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının “H.Z. Tağıyev 4” ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru, dosent Bəhman Kərimov 15 İyun-Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin ölkəni böhran və parçalanma təhlükəsindən xilas etdiyini qeyd edib.
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tərbiyə işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Murad Muradov Milli Qurtuluş Gününün müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təbliği sahəsində gördüyü işlərdən bəhs edib.
YAP Səbail rayon təşkilatının “H.Z. Tağıyev 4” ərazi partiya təşkilatının sədr müavini Pərvanə Əzimova isə çıxışında müasir Azərbaycanın Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini bildirib.
Tədbirin sonunda aparılan müzakirələr zamanı Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin bərpasında, milli həmrəyliyin gücləndirilməsində və ölkənin uzunmüddətli inkişaf strategiyasının formalaşdırılmasında oynadığı mühüm rol ətraflı təhlil edilmişdir.