XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 Sentyabr, 2026
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür

18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.

Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədi kəndində anadan olmuş, uşaqlıq və gənclik illərini Şuşada keçirmişdir. Onun zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Üzeyir Hacıbəyli alim, pedaqoq, publisist və ictimai xadim kimi də fəaliyyət göstərmişdir.

Müslüm Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur. O, həyatının 30 ilini Azərbaycana həsr edərək musiqi mədəniyyətinin və xalq maarifinin inkişafına töhfə vermişdir. Bəstəkar, dirijor, pedaqoq və folklorşünas kimi fəaliyyəti Azərbaycan professional musiqili teatrının təşəkkülü ilə sıx bağlı olmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı ilə bağlı eksponatlar nümayiş olunur. Muzeydə qorunan bu materiallar görkəmli bəstəkarların yaradıcılıq irsi ilə yanaşı, onların həyat və peşə fəaliyyətinin müxtəlif məqamları haqqında məlumat əldə etməyə imkan verən sənədləri, əşyaları və digər tarixi mənbələri də əhatə edir.

2021-ci ildə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Üzeyir Hacıbəyli və Müslüm Maqomayevə həsr olunmuş kataloqlar hazırlanaraq nəşr edilmişdir. Nəşrlərdə muzeyin fondlarında qorunan sənədli və maddi materiallar sistemləşdirilmiş şəkildə təqdim olunur.

Üzeyir Hacıbəyliyə həsr olunmuş kataloqda onun həyat və fəaliyyəti ilə bağlı 284 eksponat haqqında məlumat verilmişdir. Nəşrdə bəstəkarın yaradıcılığı ilə yanaşı, dirijor, yazıçı, alim, pedaqoq, librettoçu-dramaturq, publisist və felyetonçu kimi fəaliyyəti də əks olunmuşdur. Materiallar əsərlərin yaranma tarixləri nəzərə alınmaqla xronoloji ardıcıllıq əsasında sistemləşdirilmişdir.

Müslüm Maqomayevə həsr olunmuş kataloqda isə Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə əşyaları, Sənədli mənbələr və Neqativ fondlarında mühafizə olunan 201 eksponat haqqında məlumat təqdim edilmişdir. Nəşr “Bəstəkarın həyat yolu” və “Bəstəkarın yaradıcılığı” adlı iki bölmədən ibarətdir.

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan bu materiallar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əks etdirir. Onlar eyni zamanda Azərbaycan musiqi mədəniyyətinin tarixinin öyrənilməsi baxımından dəyərli mənbələrdir.