XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
08 Oktyabr, 2026
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov Özbəkistan Respublikası Dövlət Tarix Muzeyinin təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Daşkənd şəhərində keçirilən “XXI əsrdə muzeyşünaslıq: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusunda konfransda alim vizual slaydların müşayiəti ilə “Cavad Heyətin nümunəsində «Varlıq» jurnalında orta əsrlər türk-islam mədəniyyəti məsələləri” adlı məruzə təqdim edib.

Məruzədə XX əsrin tanınmış cərrahı, publisisti və türkoloqu Cavad Heyətin elmi və ideoloji irsi araşdırılıb. Əli Fərhadov onun rəhbərliyi ilə Tehranda nəşr olunan “Varlıq” jurnalında orta əsrlər türk-islam mədəniyyətinin fəlsəfi, tarixi və ədəbi aspektlərinin işıqlandırılmasını konkret elmi faktlar əsasında təhlil edib. Təqdimatda jurnalın, xüsusilə İran Azərbaycanında milli şüurun və mədəni kimliyin qorunmasında rolu da diqqətə çatdırılıb.

Məruzədən sonra konfrans iştirakçıları və beynəlxalq ekspertlər mövzu ilə bağlı suallar ünvanlayıblar. Dosent Əli Fərhadov “Varlıq” jurnalının regional mədəni inteqrasiyada rolu və muzey fondlarında qorunan materialların gələcək tədqiqatlar üçün əhəmiyyəti ilə bağlı sualları cavablandırıb.

Müzakirələr muzeyşünaslıq sahəsində elmi təcrübə mübadiləsi, eləcə də ortaq türk-islam tarixinin araşdırılması istiqamətində beynəlxalq elmi əməkdaşlığın inkişafı baxımından əhəmiyyət kəsb edib.