16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalar kəndində Yasən Əhmədov dünyaya gəlib. Onun həyat yolu hərbi xidmətə və Vətən qarşısında borcuna sədaqətlə bağlı olub.
Yasən Əhmədov 1992-ci ildə hərbi xidmətə başlayaraq Birinci Qarabağ müharibəsində iştirak edib. 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 1994-cü ildə “baş çavuş” hərbi rütbəsi alaraq motoatıcı bölüyün komandiri təyin olunub. 1993–2002-ci illərdə müxtəlif vəzifələrdə hərbi xidmət keçib və həmin il ehtiyata buraxılıb.
2020-ci il Vətən müharibəsi zamanı Yasən Əhmədov Talış qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 9 oktyabr 2020-ci ildə döyüşlər zamanı ağır yaralanaraq hərbi hospitala yerləşdirilib. 14 gün komada qaldıqdan sonra, oktyabrın 23-də şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Uzun illər davam edən hərbi xidmətinə və döyüş fəaliyyətinə görə Yasən Əhmədov bir sıra dövlət təltiflərinə layiq görülüb. O, 2004-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli medal, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 2009-cu ildə “Qüsursuz xidmətə görə” II dərəcəli medal, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 2014-cü ildə “Qüsursuz xidmətə görə” I dərəcəli medal, 2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Ölümündən sonra isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır. Muzeyin Vətən müharibəsi fondunda şəhidə məxsus, müharibə zamanı istifadə etdiyi hərbi zirehli gödəkçə və hərbi xidmət dövrünə aid 9 fotoşəkil qorunur. Bu fotoşəkillər arasında şəhid polkovnik-leytenant Raquf Orucovla, eləcə də hərbi xidmət yoldaşları ilə çəkilmiş görüntülər xüsusi yer tutur.
Bu qiymətli əşyalar və fotoşəkillər Yasən Əhmədovun həyat və xidmət yolunu gələcək nəsillərə çatdıran mühüm tarixi-mədəni materiallardır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.