XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
15 Sentyabr, 2026
Bakının azad edilməsi: tarixi hadisənin muzey kolleksiyalarında izləri

15 sentyabr 1918-ci ildə Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsi ilə şəhər uğrunda hərbi əməliyyat başa çatdı. Bakının azad olunması Azərbaycan Cümhuriyyətinin tarixində mühüm hadisələrdən biri idi. 28 may 1918-ci ildə elan edilmiş Cümhuriyyətin qarşısında duran əsas məsələlərdən biri ölkənin mühüm siyasi, iqtisadi və inzibati mərkəzi olan Bakı üzərində nəzarəti təmin etmək idi.

Bu məqsədlə Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında hərbi əməkdaşlıq quruldu. 4 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsinin 4-cü maddəsinə əsasən, Mürsəl paşanın komandanlığı altında 5-ci Qafqaz diviziyası Azərbaycana göndərildi. Azərbaycana gələn Osmanlı hərbi qüvvələri burada Əliağa Şıxlinskinin komandanlıq etdiyi yerli hərbi dəstələrlə birləşdi. Beləliklə, Qafqaz İslam Ordusunun əsası qoyuldu və orduya Nuru paşa rəhbərlik etdi.

Bakının azad edilməsi uğrunda döyüşlərin həlledici mərhələsi 14–15 sentyabr tarixlərində baş verdi. Gərgin və ağır döyüşlərdən sonra sentyabrın 15-də Qafqaz İslam Ordusunun hissələri şəhərə daxil olaraq Bakını ələ keçirdilər. Bu hadisə Azərbaycan Xalq Cümhuriyyətinin gələcək siyasi və inzibati fəaliyyətində mühüm rol oynadı. Bakının azad edilməsindən sonra hökumətin və digər dövlət qurumlarının şəhərə köçürülməsi üçün imkan yarandı. Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət Gəncədən Bakıya köçdü və şəhər Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrildi.

1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında da öz əksini tapmışdır. Muzeyin fondlarında həmin dövrün tarixini əks etdirən müxtəlif sənədli və maddi nümunələr qorunur. Onların arasında azərbaycanlı zabitlərin təltif edildiyi Osmanlı hərbi mükafatları, döyüşlərin getdiyi ərazilərdən aşkar olunmuş arxeoloji tapıntılar, eləcə də Osmanlı hərbi xadimlərinin təsvir olunduğu XX əsrə aid Qarabağ xalçası xüsusi yer tutur. Xalça Qafqaz İslam Ordusunun və həmin dövrün hadisələrinin xatirəsinə toxunmuşdur.

Muzeyin kolleksiyalarında qorunan bu əşyalar Bakının azad edilməsi ilə bağlı hadisələrin öyrənilməsi üçün mühüm mənbələrdir. Onlar yalnız həmin dövrün hərbi və siyasi hadisələri haqqında təsəvvür yaratmır, həm də 1918-ci ildə Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesini daha dolğun şəkildə izləməyə imkan verir.