Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin direktoru Serjan Baraxanoviç Sarov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Kairat Sagingalievich Tarbayev, Axmet və Qazizə Jubanovlar İrsinin öyrənilməsi şöbəsinin müdiri Buyeş Rısgül Sagatovna Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqları muzeyin direktoru akademik Nailə Vəlixanlı qarşılayaraq, muzeyin yaranma tarixi, elmi fəaliyyəti və zəngin kolleksiyası haqqında ətraflı məlumat verib. Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlar Azərbaycanın qədim və zəngin tarixini əks etdirən eksponatlara böyük maraq göstərib.
Görüşdə Milli Azərbaycan Tarixi Muzeyi və Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyi arasında memorandum imzalanıb. Tərəflər bu ilin sentyabr ayında Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin kolleksiyasından ibarət "Köçərilərdən varislərə: Mədəniyyət və Davamlılıq" mövzusunda beynəlxalq sərginin keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edilib ki, mədəni əlaqələrin inkişafı və bu cür səfərlər münasibətlərin daha da dərinləşməsinə və xalqlar arasında dostluq körpülərinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Görüşün sonunda qonaqlar Nailə Vəlixanlıya xatirə hədiyyəsi olaraq, Qazaxıstan Respublikası Milli Mərkəzi Muzeyinin kolleksiyasında saxlanılan quş təsviri olan iki dağ keçisi başı şəklində toqqanın surətini təqdim ediblər.