XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
05 Aprel, 2021
Muzeydə hərb tarixinə dair yeni kitabın təqdimatı keçiriləcək

Azərbaycan hərb tarixinə dair yeni kitab işıq üzü görüb. Oxuculara müxtəlif dövr Azərbaycan hərb tarixinə dair kitab və məqalələri ilə tanış olan Yusif Ağayev tərəfindən yazılmış kitab ““Koroğlu” xalq dastanında Azərbaycan xalqının hərb sənəti” (“Военное искусство азербайджанского народа в народном эпосе «Кёроглу»”. Bakı, “Qanun” nəşriyyatı, 2021) adlanır.

Kitabda XVI əsrin sonu - XVII əsrin əvvəllərində yaradılmış dastan əsasında dövrün hərb sənətinin müxtəlif aspektləri araşdırılır. Dastanda verilmiş məlumatlar dövrün yazılı mənbələri, muzey materialları ilə tutuşdurulur, həmçinin tədqiqata geniş elmi ədəbiyyat cəlb edilib. 192 səhifə həcmi olan kitabda dövrün strategiya və taktikası, qoşunların toplanması və təlimi, maddi-texniki təminatı, kəşfiyyatı, yürüş və döyüş düzülüşləri, silahları təhlil olunur. Kitaba ön sözü Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı yazmışdır. Kitabın elmi redaktoru t.ü.f.d., dosent Səbuhi Əhmədov, hərbi məsləhətçisi general-leytenant Talıb Məmmədovdur.

Kitabın təqdimatı Millli Azərbaycan Tarixi Muzeyində 2021-ci il aprelin 6-da, saat 11.00-da keçiriləcək. Pandemiya ilə əlaqədar tələbləri nəzər alaraq tədbir məhdud sayda iştirakçı ilə təşkil olunacaq.