XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Dekabr, 2012
S.Vahabovanın “Əbədi odlar yurdu” sərgisindən təəsüratları

S.Vahabovanın “Əbədi odlar yurdu” sərgisindən təəsüratlarıBu yaxınlarda Çexiyanın Ostrava şəhərinə xidməti ezamiyyətdən qayıtmış Muzeyin Silah və Bayraqlar Fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova ezamiyyəti barədə məlumat vermişdir: “2012 - ci il dekabrın 18-də Çexiyanın Ostrava şəhərində Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş “Əbədi odlar yurdu” adlı sərgisi açıldı. Sərgidə Milli


Azərbaycan Tarixi Muzeyinin 104, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin 118 adda müxtəlif çeşidli eksponatları nümayiş etdirilirdi. Bu eskponatlar içərisində orta əsrlərə aid müxtəlif təyinatlı soyuq silahlar, çaxmaqdaşlı tüfəng və tapancalar, müdafiə silahları sayılan zirehlər, dəbilqələr, sinəbəndlər; qədim dövrlərə aid sikkələr, XVIII-XIX əsrlərin zərgərlik məmulatlarından qızıl və gümüş bəzək əşyaları, Azərbaycan məişətini əks etdirən mis qablar, nəfis tikmə nümunələri, Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərinin ənənlərini göstərən xalça və xalça məmulatları vardı.Sərginin təntənəli açılış mərasimində Mədəniyyət və Turizm Nazirinin müavini S.Məmmədəliyeva, Muzeyin Silahlar və Bayraqlar fondunun müdiri S.Vahabova, Xalça və tətbiqi sənət muzeyinin direktor müavini F.Eyyubov, əməkdar rəssam İ.Məmmədov, həmçinin Azərbaycanın Çexiyadakı səfiri T.Tağızadə Azərbaycan Respublikasını təmsil edirdilər. Çexiya tərəfindən Moraviya-Sileziya bölgəsinin deputatı İ.Strachon, Ostrava şəhər merinin müavini S.Piperkova, Ostarava Muzeyinin direktoru İ.Kabrtova və b. iştirak edirdi. Sevda xanım Məmmədəliyeva və Səfir T.Tağızadə tərəfindən Ostrava şəhər radio və televizayası üçün mətbuat konfransı keçirildi. Çıxışlarda Azərbaycan mədəniyyəti və tarixinə göstərilən maraq vurğulandı və gələcəkdə birgə əməkdaşlığın davam etdirilməsi tövsiyə olundu. Daha sonra sərginin baş kuratoru D.Mayer qonaqları sərgi zalları ilə tanış etdi. Muzeyin I mərtəbəsində başlayan sərginin ilk elementi Azərbaycanın Dövlət Bayrağının təsviri idi. Divarlarda Azərbaycan xalçaları asılmış, mərtəbələr arası pilləkənlərin divarlarında isə Azərbaycanın qədim dövrlərindən başlayaraq çağdaş günümüzə qədər olan tarixi əks etdirən posterlər, məlumat xarakterli afişalar nümayiş olunurdu. II mərtəbə əsasən xalçaçılıq məktəblərinin nümunələri, Azərbaycanı, Abşeronu, Bakını, İçərişəhəri, həmçinin Böyük İpək yolunu təsvir edən xəritələr, Şirvanşahlar sarayı, Möminə xatın türbəsi, Şamaxı, Mərdəkan, Ramana abidələri, Qız qalası və b. memarlıq abidələrinin fotoları nümayiş olunurdu. Mərtəbədə qurulan monitorda Azərbaycan xalçaları haqqında sənədli filmlə müşayət edilirdi. III mərtəbədəki ekspozisiya Azərbaycan hərb tarixinə, xalq tətbiqi sənətinin unikal incilərinə həsr olunmuşdu. Şəffaf şüşə vitrinlərdə Azərbaycan silah ustalarının təfəkkür və təcrübəsinin təcəssümü olan müxtəlif silah növləri, Azərbaycan zərgərlik məmulatları, mis qablar və qədim pul vahidləri nümayiş olunurdu. Azərbaycan sərkərdələri Babək və Cavanşirin böyüdülmüş fotoları ekspozisiyanı daha da möhtəşəm edirdi. Ekspozisiyada qurulmuş müvafiq işıqılandırma sistemi və “Sarı gəlin” Azərbaycan xalq mahnısı və muğamlarımızın səslənməsi zalda unudulmaz ab-hava yaradırdı. Mərkəzi Avropada ilk dəfə keçirilən Azərbaycan tarix və mədəniyyətinə həsr olunmuş sərgi Azərbaycan tarixinə, mədəniyyətinə bir pəncərə açır. Avropa, Çexiya xalqı bu pəncərədən Azərbaycanın qədim, zəngin tarixi keçmişinə, onun milli –mənəvi dəyərlərinə, maddi-mədəniyyət abidələrinə, eləcə də müasir dövrünə bir ekskurs edir. Bu ekskurs bizə, Azərbaycan vətəndaşlarına ölkəmizi sevməyə, onu qorumağa, onunla qürur duymağa   və daim təbliğ etməyə sövq edir. Bu, bizim Böyük Azərbaycan qarşısında mənəvi borcumuzdur”.

 

 

Sərginin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış ola bilərsiniz.