6 may 2021-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir keçirilib.
Tədbir Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi t.ü.f.d. Fuad Ağayevin aparıcılığı ilə həyata keçirilib.
Tədbirdə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Yeronin İqor Petroviç, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, həmçinin tədbirə Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Davıdov Stanislav Qennadyeviç (“Zoom” platforması ilə qoşulmuşdur), tədqiqatçılar və KİV nümayəndələri iştirak ediblər.
Öncə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı. N.Vəlixanlı qeyd etdi ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2020-ci il əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması barədə sərəncamına dair silsilə tədbirlər planı çərçivəsində keçirilir.
İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik qeyd edib ki, Muzeyin fondlarında Ə.Cəbrayılova məxsus eksponatlar qorunur və nümayiş etdirilir.
İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbirlərin bütün dünyada təntənəli şəkildə qeyd edildiyini bildirib.
Daha sonra tədbirdə “Zoom” platforması vasitəsilə iştirak edən Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Stanislav Davıdov «Азербайджан и азербайджанцы в экспозиции «Подвиг народа» Центрального музея Великой Отечественной войны 1941–1945 гг» (“Böyük Vətən müharibəsi 1941-1945-ci illər” mərkəzi muzeyinin “Xalqların igidliyi” ekspozisiyasında Azərbaycan və azərbaycanlılar) mövzusunda çıxış etmişdir.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos., Səbuhi Əhmədov «Новые факты биографии Ахмедии Джабраилова в свете исследования материалов архива СГБ Азербайджана» ("Azərbaycan DTX arxivinin tədqiqi nəticəsində müəyyən olunmuş Əhmədiyyə Cəbrayılovun bioqrafiyasının yeni faktları") mövsuzunda çıxış edərək, tədbir iştirakçılarının diqqətinə Əhmədiyyə Cəbrayılovla bağlı yeni faktları çatdırmışdır. Tədqiqatçı alim qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində qorunan orijinal tarixi materiallar Əhmədiyyə Cəbrayılov haqqında yanlış məlumat yaymaq cəhdlərini təksib edir. Belə ki, S.Əhmədovun təqdim etdiyi slaydlarda əks olunan tarixi faktlara əsaslanaraq qeyd olundu ki, fransız partizanlar həmyerlimizin misilsiz cəsarətini yüksək qiymətləndirmişlər.
Daha sonra Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürünü bildirmiş, atası haqqında, atasının cəbhə yoldaşlarının onun qəhrəmanlıqları haqqında söylədikləri xatirələrdən danışıb.
Sonda tədbir iştirakçıları Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən sərgiyə baxış keçirib.