XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
14 May, 2026
Muzeydə “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-workshop keçirilib

13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində 18 May-Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup işi (workshop) keçirilib. Tədbir Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova tərəfindən Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri üçün təşkil olunub.

Seminarın əsas məqsədi muzeylərin beynəlxalq əməkdaşlıq təcrübəsini tələbələrə çatdırmaq, mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulamaq və bu istiqamətdə yeni layihə ideyalarının formalaşdırılmasına dəstək vermək olub. Tədbir çərçivəsində iştirakçılara muzeyin beynəlxalq platformalarda iştirakı, xarici tərəfdaşlarla əməkdaşlıq imkanları, ortaq sərgi və layihələrin təşkili, eləcə də mədəni irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Workshop hissəsində tələbələr interaktiv qrup işi formatında fəaliyyət göstərərək, “Azərbaycanı dünyaya necə təqdim edərdik? (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında)” mövzusunda layihələr üzərində işləyiblər. Tələbələr üç komanda– “Zəfər”, “Sehrli xalça” və “Dəfinə” qrupları şəklində çalışaraq, Azərbaycan tarixini, milli-mədəni irsini və muzey kolleksiyalarını beynəlxalq auditoriyaya təqdim etməyin müxtəlif yollarını əks etdirən maraqlı təqdimatlar hazırlayıblar.

“Zəfər” komandası Azərbaycanın tarixi qəhrəmanlıq ənənələrini və dövlətçilik tarixini muzey eksponatları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırmağın yollarını, “Sehrli xalça” komandası milli xalçaçılıq sənətinin simvolik məna daşıyan nümunələrini əsas götürərək virtual sərgi və interaktiv təqdimat ideyalarını, “Dəfinə” komandası isə muzeydə qorunan maddi-mədəni irs nümunələrinin rəqəmsal platformalar vasitəsilə dünya auditoriyasına tanıdılması ilə bağlı layihə təkliflərini təqdim ediblər.

Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tələbələr arasında geniş fikir mübadiləsi aparılıb. Seminar zamanı tələbələrin sualları ətraflı cavablandırılıb. 

Tədbirin sonunda tələbələrin kreativ yanaşması və mövzuya göstərdikləri maraq yüksək qiymətləndirilib, bu kimi seminar və workshopların gələcək peşə fəaliyyətində onların praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyi vurğulanıb və xatirə fotoları çəkilib.