XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
25 Sentyabr, 2026
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 296 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün muzeydə interaktiv tematik ekskursiya təşkil olunub.

Ekskursiya İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən aparılıb.

Ekskursiyanın ilk hissəsində şagirdlər Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin ekspozisiyası ilə tanış olub, görkəmli xeyriyyəçi və sahibkarın həyat və fəaliyyəti haqqında məlumat əldə ediblər. Daha sonra İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, baş mütəxəssis Qənirə Qafarlı və əməkdaş Kubra Dadaşovanın iştirakı ilə interaktiv məşğələ keçirilib. Şagirdlər touch screen vasitəsilə mövzu ilə bağlı hazırlanmış test tapşırıqlarını yerinə yetirərək əldə etdikləri bilikləri yoxlayıblar.

Ekskursiyanın növbəti hissəsində şagirdlər muzeyin 44 günlük Vətən müharibəsinə həsr olunmuş ekspozisiya zalını ziyarət ediblər. Ekspozisiyada Vətən müharibəsinin tarixi ilə bağlı materiallar, şəhidlərin şəxsi əşyaları və digər tarixi sənədlər nümayiş etdirilir. Tematik ekskursiya zamanı şagirdlər ekspozisiyada təqdim olunan materiallar əsasında Vətən müharibəsinin gedişi və tarixi əhəmiyyəti barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində məktəblilər ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu ilə də tanış olublar. Fondun müdiri Şəfa Mövsümov fondun yaradılması və fəaliyyəti, burada qorunub saxlanılan şəhidlərin şəxsi əşyaları, sənədləri və digər tarixi materiallar haqqında şagirdlərə məlumat verib.

Ekskursiyanın sonunda Vətən müharibəsinə həsr olunmuş ekspozisiya zalı üzrə interaktiv sual-cavab keçirilib. Viktorina formatında təşkil olunan suallar şagirdlərin ekskursiya zamanı əldə etdikləri biliklərin möhkəmləndirilməsinə və onların fəal iştirakının təmin olunmasına imkan yaradıb.

Daha sonra şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub, burada qorunub saxlanılan tarixi və mədəni irs nümunələri haqqında məlumat əldə ediblər.

Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya şagirdlərin Vətən müharibəsinin tarixini muzey materialları əsasında daha yaxından öyrənməsinə, şəhidlərin xatirəsinə ehtiram hissinin və tarixi yaddaşın möhkəmləndirilməsinə yönəlib.