XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
25 Sentyabr, 2026
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib

Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib.

Mühazirə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən aparılıb. Tədbirdə Azərbaycanın müstəqillik və dövlətçilik tarixi, erməni təcavüzünün tarixi kökləri, 1918-ci ilin mart hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Azərbaycan ərazilərinin işğalı barədə məlumat verilib.

Çıxış zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində baş verən mühüm hərbi-siyasi hadisələrə toxunulub. Bu çərçivədə 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci il Tovuz döyüşləri və 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib. Şuşanın azad olunmasının və Zəfərin tarixi əhəmiyyəti, həmçinin 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin tam bərpası xüsusi qeyd olunub.

Mühazirə zamanı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi və Zəfərə həsr olunmuş ekspozisiyası slayd təqdimatı vasitəsilə nümayiş etdirilib. Bununla yanaşı, muzeyin Vətən Müharibəsi Fondu haqqında məlumat verilib, fondun Vətən müharibəsi ilə bağlı tarixi materialların toplanması, qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasındakı rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda şagirdlərlə interaktiv sual-cavab keçirilib. Vətən müharibəsinin başlanması, Zəfər, dövlət suverenliyinin bərpası və digər tarixi hadisələrlə bağlı suallar ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.